Hikmət Hacıyev Xocalı həqiqətlərini işıqlandıran beynəlxalq jurnalistlərə təşəkkür edib

14 İyul 2026 09:32 (UTC+04:00)

“Bu gün Ermənistan cəmiyyətinin müəyyən dairələrində revanşist və revizionist meyillər hələ də müşahidə olunur. Belə bir şəraitdə medianın məsuliyyəti daha da artır”.

SİA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumunun son günündə çıxışı zamanı deyib.

O bildirib ki, münaqişə başa çatsa da, bəzi xarici media orqanlarında və Ermənistanın müəyyən ictimai dairələrində hələ də revizionist yanaşmalar qalmaqdadır. Hikmət Hacıyev vurğulayıb ki, medianın əsas vəzifəsi tarixi təhriflərə qarşı çıxmaq, nifrət ritorikasını rədd etmək və həqiqəti qorumaqdır.

Prezidentin köməkçisi Xocalı soyqırımı zamanı hadisələri dünya ictimaiyyətinə çatdıran beynəlxalq jurnalistlərin fəaliyyətini yüksək qiymətləndirərək onların həqiqətin yayılmasında mühüm rol oynadıqlarını qeyd edib.

Hikmət Hacıyev çıxışında sosial medianın uşaqlara və yeniyetmələrə təsiri məsələsinə də toxunub. O bildirib ki, rəqəmsal platformalarla bağlı müzakirələrin məqsədi texnologiyanı məhdudlaşdırmaq deyil, uşaqların təhlükəsizliyini təmin etmək və rəqəmsal inkişafı məsuliyyətli yanaşma ilə müşayiət etməkdir.

O qeyd edib ki, texnologiya nəhənglərinin və sosial media platformalarının qlobal tənzimlənməsi istiqamətində hələ də ciddi boşluqlar mövcuddur. Hikmət Hacıyev vurğulayıb ki, elmi və texnoloji inkişafın qarşısını almaq mümkün olmasa da, bu proses etik prinsiplər və beynəlxalq tənzimləmə mexanizmləri ilə müşayiət edilməlidir.