Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunan IV Şuşa Qlobal Media Forumunun son günü başlayıb.
SİA xəbər verir ki, forumun açılış mərasimində videoçarx nümayiş olunub. Tədbirin moderatorları Euronews-un nümayəndəsi Jane Witherspoon və AnewZ TV-nin baş redaktoru Guy Shone olublar.
Forum iştirakçılarını Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev salamlayıb.
Son gün çərçivəsində media və sülh quruculuğu, ictimai diskursun formalaşdırılması, dezinformasiyanın sülhə təsiri, media sahəsində koordinasiyalı reaksiyalar, şəhərsalma proseslərinin mediada işıqlandırılması, media diplomatiyası, media savadlılığı, sosial media platformalarında etik çərçivələr və sərhədlərarası media dialoqu mövzularında panel və təkbətək müzakirələr keçirilir.
Sessiyalarda Mərakeş, Qazaxıstan, İordaniya, Çin və digər ölkələrdən olan media rəhbərləri, dövlət rəsmiləri, beynəlxalq ekspertlər və kommunikasiya sahəsinin nümayəndələri çıxış edirlər.
Forum çərçivəsində həmçinin süni intellekt, vizual hekayəçilik, yeni nəsil media təcrübələri, radio sənayesinin inkişafı və Türk Xəbər Agentlikləri Alyansının fəaliyyətinə həsr olunmuş paralel tədbirlər təşkil olunur.
Qeyd edək ki, “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunan IV Şuşa Qlobal Media Forumunda 53 ölkədən 160-a yaxın media təmsilçisi, ekspert və rəsmi şəxs iştirak edir.