“D-8 dünyaya düzgün təqdim edilməli olan uğur hekayəsidir” - Baş katib

13 İyul 2026 18:22 (UTC+04:00)

“D-8 Media Mərkəzinin yaradılması son illərdə təşkilat çərçivəsində irəli sürülmüş ən uzaqgörən təşəbbüslərdən biridir”.

SİA xəbər verir ki, bu sözləri D-8 Təşkilatının Baş katibi Sohail Mahmud Şuşada keçirilən IV Qlobal Media Forumu çərçivəsində D-8 Media Mükəmməllik Mərkəzinin strategiyasının təqdimatında çıxışı zamanı deyib.

O, Şuşa Qlobal Media Forumunun müxtəlif ölkələrdən siyasətçiləri, media rəhbərlərini, alimləri və peşəkar media nümayəndələrini bir araya gətirərək qlobal çağırışların müzakirəsi üçün mühüm platformaya çevrildiyini bildirib.

Baş katib Azərbaycan Prezidenti İlham Əliyevin D-8 ölkələri arasında əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirərək, Azərbaycanda Media, Enerji və İqlim, eləcə də Nəqliyyat Mükəmməllik Mərkəzlərinin yaradılması təşəbbüsünün təşkilatın institusional potensialını gücləndirəcəyini vurğulayıb.

Sohail Mahmud qeyd edib ki, D-8 Media Mərkəzi təlim, tədqiqat, innovasiya, rəqəmsal bacarıqların inkişafı və media əməkdaşlığının genişləndirilməsi üçün əsas platformalardan biri olacaq.

O bildirib ki, süni intellekt, rəqəmsal transformasiya, dezinformasiya, kibertəhlükəsizlik və nifrət nitqi kimi çağırışlar fonunda beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsinə ehtiyac var.

Baş katib əlavə edib ki, hazırda 1,2 milyard əhalini və 5 trilyon ABŞ dollarından çox ümumi daxili məhsulu təmsil edən D-8-in geosiyasi və geoiqtisadi rolu getdikcə artır. Onun sözlərinə görə, “D-8 bu gün sürətlə inkişaf edən bir hekayədir və bu hekayə dünyaya düzgün və strateji şəkildə çatdırılmalıdır.”