“Rəqəmsal platformalarda əsas məqsəd istifadəçilərin təhlükəsizliyini təmin etməkdir” - Fərid Zeynalov

13 İyul 2026 16:19 (UTC+04:00)

“Qanunvericilikdə rəqəmsal platformalarda şəxsi məlumatların qorunması, informasiya təhlükəsizliyinin təmin edilməsi və istifadəçilərin hüquqlarının müdafiəsi ilə bağlı yeni tələblərin tətbiqi nəzərdə tutulur”.

SİA xəbər verir ki, bu fikirləri Milli Kibertəhlükəsizlik Agentliyinin İdarə Heyətinin sədri Fərid Zeynalov Şuşada keçirilən IV Qlobal Media Forumu çərçivəsində “Rəqəmsal platformalarda təhlükəsiz informasiya mühiti: Müasir çağırışlar və vacib həllər” mövzusunda panel sessiyasında çıxışı zamanı səsləndirib.

O bildirib ki, bu məqsədlə müvafiq qanunvericilik aktlarına dəyişikliklərin edilməsi və onların effektiv icrası vacib hesab olunur.

Fərid Zeynalov qeyd edib ki, qanun layihəsində 16–18 yaş arası yeniyetmələrin rəqəmsal platformalarda qeydiyyatdan keçməsi üçün valideynlərinin və ya qanuni nümayəndələrinin razılığının alınması nəzərdə tutulur. Onun sözlərinə görə, rəqəmsal savadlılığın artırılması da əsas istiqamətlərdən biri kimi müəyyən edilib.

Agentlik sədri vurğulayıb ki, rəqəmsal platforma operatorlarının istifadəçilərdə asılılıq yaradan mexanizmlərdən, manipulyativ alqoritmlərdən və sonsuz sürüşdürmə (infinite scroll) kimi funksiyalardan sui-istifadəsinin qarşısının alınması üçün də müvafiq tədbirlərin görülməsi təklif olunur.

O əlavə edib ki, rəqəmsal platformaların Azərbaycan qanunvericiliyinə uyğun fəaliyyət göstərməsi və vətəndaşların hüquqlarının təmin edilməsi əsas prinsiplərdən biridir.

Fərid Zeynalov sonda vurğulayıb ki, həyata keçirilən tədbirlərin məqsədi rəqəmsal platformaları məhdudlaşdırmaq deyil. Onun sözlərinə görə, əsas hədəf istifadəçilərin, xüsusilə uşaqların və yeniyetmələrin təhlükəsizliyini təmin etmək, onların istismarının qarşısını almaq və rəqəmsal mühitdə daha sağlam, təhlükəsiz və məsuliyyətli fəaliyyətin formalaşdırılmasına nail olmaqdır.