“Rəqəmsal savadlılığın artırılması informasiya təhlükəsizliyi üçün vacibdir” - Fərid Zeynalov

13 İyul 2026 16:15 (UTC+04:00)

“Bu gün rəqəmsal platformalar artıq ictimai həyatın ayrılmaz hissəsinə çevrilib. Sosial media platformaları insanların ünsiyyət qurmasında, müxtəlif mədəniyyətlər arasında əlaqələrin inkişafında, məlumat mübadiləsində və yeni texnologiyaların yayılmasında mühüm rol oynayır”.

SİA xəbər verir ki, bu fikirləri Milli Kibertəhlükəsizlik Agentliyinin İdarə Heyətinin sədri Fərid Zeynalov Şuşada keçirilən IV Qlobal Media Forumu çərçivəsində “Rəqəmsal platformalarda təhlükəsiz informasiya mühiti: Müasir çağırışlar və vacib həllər” mövzusunda panel sessiyasında çıxışı zamanı səsləndirib.

O bildirib ki, rəqəmsal texnologiyaların sürətli inkişafı ilə yanaşı, informasiya təhlükəsizliyi, ictimai sabitlik, şəxsi məlumatların qorunması və cəmiyyətin düzgün məlumatlandırılması kimi yeni çağırışlar da meydana çıxır.

Fərid Zeynalov qeyd edib ki, rəqəmsal platformalar ictimai rəyin formalaşmasına ciddi təsir göstərir. Onun sözlərinə görə, bəzi hallarda bu platformalardan manipulyasiya, dezinformasiya və kiber təhdidlərin yayılması üçün istifadə olunur. Süni intellekt texnologiyalarının inkişafı isə həqiqi və saxta məzmunun bir-birindən fərqləndirilməsini daha da çətinləşdirir.

Agentlik sədri vurğulayıb ki, bu baxımdan ən vacib məsələlərdən biri insanların sosial media savadlılığının artırılmasıdır. O bildirib ki, vətəndaşlar istifadə etdikləri məlumatın mənbəyini yoxlamağı, dezinformasiyanı ayırd etməyi və rəqəmsal platformalardan məsuliyyətli şəkildə istifadə etməyi bacarmalıdırlar.

Fərid Zeynalov əlavə edib ki, bu problemlərin həlli yalnız dövlət qurumlarının və ya rəqəmsal platformaların deyil, eyni zamanda cəmiyyətin, ailələrin, təhsil müəssisələrinin və hər bir vətəndaşın ortaq məsuliyyətidir. Onun sözlərinə görə, birgə əməkdaşlıq, rəqəmsal savadlılığın artırılması və etik prinsiplərə əsaslanan media mühitinin formalaşdırılması gələcəkdə daha təhlükəsiz və sağlam informasiya məkanının yaranmasına xidmət edəcək.