Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, Avropa İttifaqı Gürcüstanın bütün ərazisi üzrə suverenliyini tanımır. O, bu şərhi Avropa İttifaqının xarici işlər naziri Kaja Kallasın AB-nin "Gürcüstan hökumətini dəstəkləmək niyyətində deyil, lakin gürcü xalqını dəstəkləyəcək" açıqlamasına verib.
SİA Gürcüstan mediasına istinadən xəbər verir ki, brifinqdə İrakli Kobaxidze "AB Ali Nümayəndəsinin gürcü xalqının iradəsini tanımaması və onlara qarşı çıxması"nı "ciddi hal" adlandırıb. Baş nazirin sözlərinə görə, belə bir münasibət AB üçün "utancvericidir".
O xatırladıb ki, "Cənubi Qafqazda əsas mövqe tutan" Gürcüstan olmadan AB nə qədər çalışsa da, Orta Asiya dövlətləri ilə əlaqələr qura bilməyəcək. Buna baxmayaraq, o vurğulayıb ki, "Gürcüstan bu məsələ ilə bağlı yüksək səviyyəli görüşə belə dəvət olunmayıb".
Kaja Kallas bildirib ki, Brüsselin Gürcüstan hökumətinə qarşı mövqeyi milyarder Bidzina İvanişvilinin "Gürcü Arzusu" partiyasının "antidemokratik trayektoriyası", müxalifət siyasətçilərinin həbsi və siyasi partiyaların qadağan edilməsi cəhdi ilə diktə olunur.
Tbilisi ilə Brüssel arasındakı münasibətlər "Gürcü Arzusu"nun 2023-2024-cü illərdə qeyri-hökumət təşkilatlarının fəaliyyətini məhdudlaşdıran bir sıra qanunlar qəbul etməsindən sonra pisləşib. AB 26 oktyabr 2024-cü il parlament seçkilərinin nəticələrini tanımayıb. Buna cavab olaraq, həmin ilin 28 noyabrında İrakli Kobaxidze Gürcüstanın AB ilə üzvlük danışıqlarının dayandırıldığını elan edib. Tbilisidə dərhal etirazlar, polislə toqquşmalar və fəalların həbsləri başlayıb. 100-dən çox etirazçı müxtəlif həbs cəzalarına məhkum edilib. AB onları siyasi məhbus elan edərək, Gürcüstanın diplomatik və xidməti pasportlarının sahibləri üçün vizasız rejimi təsdiqləyib.