Avtomobillər niyə qəfil alovlanır? - AÇIQLANDI

13 İyul 2026 15:03 (UTC+04:00)

Avtomobillərdə yanğın halları əsasən yaşı 12–18 il olan nəqliyyat vasitələrində daha çox müşahidə olunur. Bunun əsas səbəbi elektrik naqillərinin köhnəlməsi, yanacaq sistemində yaranan nasazlıqlar və sonradan edilən qeyri-peşəkar müdaxilələrdir.

Bu sözləri SİA-ya avtomobil ustası Sahil Ağabəyli deyib.

O bildirib ki, bununla yanaşı, yeni avtomobillər də yanğın riskindən tam sığortalanmayıb. Yeni avtomobillərdə baş verən yanğınlar əksər hallarda elektrik və ya yanacaq sisteminə edilən düzgün olmayan müdaxilələr nəticəsində baş verir:

”Son dövrlərdə hibrid və plagin-hibrid avtomobillərdə də oxşar hallar qeydə alınır. Bu cür nəqliyyat vasitələrinin ev şəraitində enerji ilə doldurulması zamanı elektrik şəbəkəsinin kifayət qədər güclü olmaması, naqillərin yüksək yüklənməyə uyğun seçilməməsi və standartlara cavab verməyən şarj avadanlıqlarından istifadə yanğın riskini artırır.

Digər rast gəlinən səbəblərdən biri isə mühərrik bölməsinin düzgün təmizlənməməsidir. Bəzi sürücülər və ya ustalar mühərriki silmək üçün yağlı və ya benzin hopdurulmuş parçaları mühərrik bölməsində, xüsusilə yüksək temperatur yaranan hissələrin yaxınlığında unudurlar. Bu parçalar isti səthlə təmas nəticəsində alışaraq yanğına səbəb ola bilər.

Bundan əlavə, Avro-4 və daha yeni standartlara uyğun dizel avtomobillərində dizel hissəcik filtri (DPF) regenerasiya prosesi zamanı egzoz sistemində temperatur 300–700 dərəcəyədək yüksələ bilər. Bəzi hallarda ustalar mühərrik bölməsində yerləşən istilik qoruyucu elementləri sökürlər. Nəticədə yüksək temperatur yaxınlıqdakı plastik və ya yanıcı hissələri alovlandıra bilir ki, bu da avtomobilin tamamilə yanmasına gətirib çıxara bilər”.

Ayşən Vəli