Ailə büdcəsini necə idarə etməli? - İQTİSADÇI AÇIQLADI

13 İyul 2026 14:30 (UTC+04:00)

Bir çox insan ay ərzində qazanc əldə etsə də, ayın sonunda pul yığa bilmədiyini deyir. Mütəxəssislər isə hesab edirlər ki, bunun səbəbi təkcə gəlirin məbləği deyil, həm də xərclərin planlaşdırılması və maliyyə vərdişləridir. Bəs ailə büdcəsini düzgün idarə etmək və pul yığmağa haradan başlamaq lazımdır? Bugünkü iqtisadi şəraitdə pul yığmaq həqiqətən mümkündürmü?

Məsələ ilə bağlı iqtisadçı Vüqar Bayramov SİA-ya açıqlamasında bildirib ki, ailə büdcəsinin planlaşdırılması tətbiq olunmalı vacib məsələlərdən biridir:

"Çünki nəticə etibarilə Qərb ölkələrində, xüsusilə Böyük Britaniyada ailə büdcəsinin planlaşdırılması praktikası geniş şəkildə həyata keçirilir. Azərbaycanda da oxşar təcrübələrin tətbiqinə ehtiyac var.

Ailələr tərəfindən büdcənin planlaşdırılması, xüsusilə daha əhəmiyyətli və vacib xərclərin əvvəlcədən nəzərə alınması baxımından mühüm əhəmiyyət daşıyır. Gəlir səviyyəsi bu baxımdan çox önəmlidir. Çünki ailə büdcəsinə daxil olan vəsaitin həcmi nə qədər yüksək olarsa, büdcənin planlaşdırılması da bir o qədər asan olar.

Ümumiyyətlə, sosial siyasətin və sosial paketlərin əsas hədəfi ondan ibarətdir ki, ailələrin büdcələrini planlaşdırmaları üçün daha əlverişli imkanlar yaradılsın, onların gəlirləri artsın və rifah səviyyəsi yüksəlsin.

Bu istiqamətdə atılan addımların davam etdirilməsi vacibdir. Ümumiyyətlə, ailə büdcəsinin planlaşdırılmasının institusionallaşdırılması və ailələrin öz büdcələrini sistemli şəkildə idarə etmələri mühüm əhəmiyyət kəsb edir. Təbii ki, son illərdə bu istiqamətdə müəyyən dəyişikliklər müşahidə olunur, daha çox ailə büdcəsini planlaşdırmağa çalışır. Lakin bununla yanaşı, ailələrin gəlirlərinin artırılması da hələ də əsas prioritet məsələlərdən biri olaraq qalır".