“Şuşada gördüyümüz inkişaf bizi heyran etdi” - SORĞU

13 İyul 2026 13:00 (UTC+04:00)

Şuşa növbəti dəfə beynəlxalq media ictimaiyyətinin diqqət mərkəzindədir. Bu gündən etibarən "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunan IV Şuşa Qlobal Media Forumu öz işinə başlayır. İki gün davam edəcək forum müxtəlif ölkələrdən media nümayəndələrini, ekspertləri, dövlət rəsmilərini və beynəlxalq təşkilatların təmsilçilərini bir araya gətirərək qlobal informasiya məkanında aktual məsələlərin müzakirəsi üçün mühüm platforma rolunu oynayır.

Bu il forumda 53 ölkədən 160-a yaxın xarici media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edir. Eyni zamanda, 30-a yaxın beynəlxalq informasiya agentliyi, 60-dan çox nüfuzlu media qurumu, eləcə də beynəlxalq təşkilat və şirkətlərin nümayəndələri tədbirə qatılıb. Forum çərçivəsində dezinformasiya ilə mübarizə, media etikası, süni intellekt dövründə jurnalistikanın çağırışları, rəqəmsal informasiya təhlükəsizliyi və medianın sülh quruculuğundakı rolu kimi mühüm mövzular ətrafında fikir mübadiləsi aparılacaq.

Şuşada keçirilən bu forum təkcə peşəkar müzakirələr üçün deyil, həm də müxtəlif ölkələrin media nümayəndələri arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və həqiqətə əsaslanan informasiya mühitinin təşviqi baxımından da böyük əhəmiyyət daşıyır. Tədbir iştirakçılarına Azərbaycanın media mühiti, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri, eləcə də regionda sülh və əməkdaşlıq istiqamətində görülən tədbirlərlə yaxından tanış olmaq imkanı yaradır.

Bəs görəsən, IV Şuşa Qlobal Media Forumunda iştirak edən xarici qonaqlar tədbirin əhəmiyyətini necə qiymətləndirirlər? Onların fikrincə, belə beynəlxalq platformalar media əməkdaşlığının inkişafına, dezinformasiya ilə mübarizəyə və qlobal sülhün təşviqinə hansı töhfələri verə bilər?

SİA forumda iştirak edən xarici qonaqlar arasında sorğu keçirib.

Xarici iştirakçı Maria Eugenia Rodriguez: "İlk növbədə qeyd etmək istərdim ki, Qafqaz regionu bizim üçün böyük əhəmiyyət daşıyır. Buna görə də burada həmkarlarla görüşmək, Azərbaycanı daha yaxından tanımaq, insanların həyat tərzini müşahidə etmək və yerli media nümayəndələri ilə fikir mübadiləsi aparmaq mənim üçün çox önəmlidir.

Hələ Şuşanı ətraflı gəzmək imkanımız olmayıb. Dünən yalnız yeni salınmış küçələrdən birində qısa gəzinti etdik. Ümid edirəm ki, bu gün şəhərin tarixi məkanlarını ziyarət edəcək, zəngin mədəni irsi və burada həyata keçirilən bərpa işləri ilə yaxından tanış olacağam".

Xarici iştirakçı Albert Kofi Owusu: "Azərbaycanın inkişafı məndə çox böyük təəssürat yaratdı. Bunu xüsusilə Şuşada aydın şəkildə görmək mümkündür. Bir neçə il əvvəl işğaldan azad olunan bu şəhərdə bu gün genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır və inkişafın sürəti diqqəti cəlb edir.

Azərbaycanın enerji sahəsində mühüm tərəfdaşlardan birinə çevrilməsi, Avropanın bir sıra ölkələrini təbii qazla təmin etməsi, kənd təsərrüfatı, mədənçilik və digər istiqamətlərdə əməkdaşlığını genişləndirməsi ölkənin dinamik inkişafını göstərir. Eyni zamanda, Afrika ölkələri ilə münasibətlərin inkişaf etdirilməsi də diqqətəlayiqdir.

Etiraf etməliyəm ki, Afrikada Azərbaycan haqqında məlumatlar geniş yayılmayıb. Lakin bu səfərdən sonra ölkə haqqında təsəvvürüm tamamilə dəyişdi. Forum çərçivəsində Prezident İlham Əliyevin çıxışını dinləmək, həyata keçirilən layihələrlə yaxından tanış olmaq Azərbaycanın inkişafı barədə daha dolğun fikir formalaşdırdı. Qısa müddətdə əldə olunan nailiyyətlər və görülən işlər məni həqiqətən heyran etdi.

Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi də yaxşı xatırlanır. Mənim ölkəm – Qana həmin dövrdə bu sədrliyi dəstəkləyirdi və düşünürəm ki, o vaxt irəli sürülən təşəbbüslərin müsbət nəticələri bu gün də özünü göstərir.

Bu səfər mənim üçün çox dəyərli təcrübə oldu. Son otuz ildən artıq dövrdə Azərbaycanın keçdiyi inkişaf yolunu öz gözlərimlə görmək imkanım yarandı və bu mənə son dərəcə müsbət təəssürat bağışladı".

Xarici iştirakçı Mariah Atiq: "Bu möhtəşəm forumun iştirakçısı olmaqdan böyük məmnunluq duyuram. Forum dünyanın müxtəlif ölkələrindən olan media nümayəndələri ilə tanış olmaq, onların təcrübələrini öyrənmək və fikir mübadiləsi aparmaq üçün çox yaxşı imkan yaradır. Bu baxımdan tədbiri olduqca faydalı hesab edirəm.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışı məndə böyük təəssürat yaratdı. O, regionda baş verən geosiyasi proseslərə və gələcək inkişaf perspektivlərinə dair fikirlərini aydın şəkildə ifadə etdi. Hesab edirəm ki, onun liderliyi təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün mühüm əhəmiyyət daşıyır.

Prezidentin Pakistanın sülh təşəbbüslərinə verdiyi yüksək qiymət də mənim üçün xüsusi əhəmiyyət kəsb etdi. Buna görə təşəkkürümü bildirirəm.

Qarabağa səfər etmək isə mənim üçün unudulmaz təcrübə oldu. Bu bölgə haqqında əvvəllər çox oxumuşdum. Lakin burada aparılan bərpa və yenidənqurma işlərini öz gözlərimlə görmək tamamilə fərqli hisslər yaşatdı. Bu səfər həm maraqlı, həm də öyrədici oldu".

Xarici iştirakçı Aktoty Raimkulova: "İlk növbədə Şuşada keçirilən IV Qlobal Media Forumunun bütün iştirakçılarını təbrik edirəm. Qarabağın mədəniyyət paytaxtı olan Şuşada belə nüfuzlu beynəlxalq tədbirin keçirilməsi böyük əhəmiyyət daşıyır.

Hesab edirəm ki, bu forum jurnalistlər, media nümayəndələri və ekspertlər üçün çox vacib platformadır. Burada aparılan müzakirələr müxtəlif ölkələrin media qurumları arasında əməkdaşlığın inkişafına, təcrübə mübadiləsinə və qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verir.

Bu gün Prezident İlham Əliyevin çıxışını dinlədik. Çıxışda Azərbaycanın inkişafı, regionda sülh və əməkdaşlıq perspektivləri, eləcə də gələcəyə dair mühüm mesajlar səsləndirildi. Bu fikirlər forum iştirakçıları üçün də maraq doğurdu.

Arzu edirəm ki, Şuşa Qlobal Media Forumu gələcək illərdə də uğurla davam etsin və media sahəsində beynəlxalq əməkdaşlığın inkişafına öz töhfəsini versin. Ümid edirəm ki, növbəti forumlarda da yenidən burada görüşəcəyik".