"Süni zəkanın sürətlə inkişaf etdiyi bir dövrdə dünyanın inkişaf etmiş ölkələri və təhsil göstəriciləri yüksək olan dövlətlər bu texnologiyanın yaratdığı imkanlardan maksimum yararlanmağa çalışırlar".
Bu sözləri SİA-ya açıqlamasında elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi deyib.
Onun sözlərinə görə, Azərbaycanda da bu istiqamətdə mühüm addımlar atılır:
"Belə ki, bir müddət əvvəl cənab Prezident tərəfindən Süni Zəka Mərkəzinin yaradılması ilə bağlı xüsusi tapşırıq verilib. Bu, ölkədə rəqəmsal transformasiya prosesinin sürətləndirilməsi və süni zəka texnologiyalarının müxtəlif sahələrdə tətbiqinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Təhsil sahəsi də bu istiqamətdə əsas prioritetlərdən biri hesab olunur.
Məqsəd süni zəka əsaslı tətbiqlərin tədris prosesinə inteqrasiyasını təmin etməkdir. Gözləntilər ondan ibarətdir ki, qarşıdakı illərdə şagirdlərdə bu sahə üzrə bilik və bacarıqların formalaşdırılması üçün ya ayrıca süni zəka fənni tədris olunsun, ya da rəqəmsal bacarıqlar fənninin tərkibində süni zəkaya daha geniş yer ayrılsın. Bu yanaşma şagirdlərin gələcəyin əmək bazarının tələblərinə uyğun hazırlanmasına da mühüm töhfə verə bilər.
Eyni zamanda, süni zəkanın təqdim etdiyi imkanlardan bütün fənlər üzrə istifadə edilməsi informasiyanın daha asan əldə olunmasına, bilik mübadiləsinin daha çevik aparılmasına, nəzəri biliklərin praktikada tətbiqinə və şagirdlərin bu sahədə bacarıqlarının inkişafına müsbət təsir göstərə bilər. Müasir texnologiyaların dərs prosesində tətbiqi müəllimlərin işini də daha səmərəli təşkil etməyə, tədris materiallarının hazırlanmasını asanlaşdırmağa və fərdi yanaşmanın genişlənməsinə şərait yarada bilər.
Hesab edirəm ki, qarşıdakı dövrdə tədris proqramlarında müəyyən dəyişikliklər ediləcək və biz süni zəka əsaslı tədris yeniliklərinin tətbiqinin şahidi olacağıq. Bu yeniliklər təhsil sisteminin müasir çağırışlara uyğun inkişafına, şagirdlərin rəqəmsal savadlılığının artırılmasına və innovativ düşüncə tərzinin formalaşmasına da müsbət təsir göstərəcək".
Lətifə Musayeva