Azərbaycan və Yaponiya müdafiə sənayesi sahəsində mübadilə apara, birgə müəssisələr yarada bilər.
SİA xəbər verir ki, bunu Prezident İlham Əliyev "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində bildirib.
"Azərbaycandan Yaponiyaya xam neft çatdırılması heç vaxt görünmədiyi qədər vacibdir. Çünki təchizat marşrutları pozulub. Azərbaycanın bu baxımdan rolu daha da artır. Biz məhsuldarlıq əməkdaşlığın tərəfdarıyıq. Yaponiya ilə tərəfdaşlığımızın yaxşı tarixi var. Bəzi hallarda o dinamik olub. Hər halda müxtəlif sahələrdə əməkdaşlıq təcrübəsi toplamışıq. Bir çox yapon şirkətləri Azərbaycanda podratçı kimi fəaliyyət göstəriblər, xüsusilə sənaye sahəsində işləyiblər. Mən Yaponiya şirkətlərinin inşa etdiyi böyük elektrik stansiyasının təqdimatında iştirak etmişəm. Düzdür, bu sahədə Azərbaycan və Yaponiya arasında qarşılıqlı fəaliyyət elə də çox olmayıb. Lakin düşünürəm ki, enerji və digər sahələrdə daha çox əməkdaşlıq qurula bilər.
Müdafiə sənayesi sahəsində işləyə bilərik. Bilirəm ki, Yaponiyada belə bir sənaye var. Biz qarşılıqlı mübadilə edə bilərik, birgə müəssisələr yarada bilərik. Bir sözlə, bizim yaxşı təcrübəmiz var. Əvvəlki illərdə ticari münasibətlərimiz olub. Ola bilər ki, layihələr azdır. Son 5-6 il ərzində biz ölkələrimiz arasında diplomatik təmasları da görmürük. İkinci Qarabağ müharibəsindən sonra vəziyyət bu yerdədir. Lakin yenə də potensial mövcuddur. Düşünürəm ki, hökumət rəsmiləri və biznes dairələri arasında daha çox təmas olmalıdır. Bu halda, biz əməkdaşlığın əlavə üstünlüklərini müəyyən edə biləcəyik", - deyə o qeyd edib.