"Peşəkar media cəmiyyət üçün böyük əhəmiyyət daşıyır" - POLİTOLOQ

13 İyul 2026 09:55 (UTC+04:00)

"Milli Mətbuat Günü təkcə peşə bayramı deyil, həm də cəmiyyətin söz və məlumat almaq hüququnun əhəmiyyətini xatırladan xüsusi gündür. Müasir dövrdə media yalnız xəbərləri çatdıran vasitə deyil, həm də ictimai rəyin formalaşmasına, dövlət-vətəndaş dialoqunun güclənməsinə və şəffaflığın təmin olunmasına mühüm töhfə verir".

Bu barədə SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.

Onun sözlərinə görə, xüsusilə rəqəmsal informasiya axınının sürətləndiyi bir dövrdə jurnalistlərin dəqiq, operativ və məsuliyyətli fəaliyyəti cəmiyyət üçün daha böyük əhəmiyyət daşıyır:

"Azərbaycan milli mətbuatının əsası 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdiyi “Əkinçi” qəzeti ilə qoyulub və bu ənənə bu gün də davam etdirilir. Müasir Azərbaycan mediası yeni texnologiyaların yaratdığı imkanlardan istifadə etməklə yanaşı, dezinformasiyaya qarşı mübarizə, peşə etikası və obyektivlik prinsiplərinin qorunması kimi mühüm çağırışlarla da üz-üzədir. Güclü, peşəkar və məsuliyyətli media cəmiyyətin inkişafına, milli maraqların müdafiəsinə və sağlam ictimai mühitin formalaşmasına xidmət edən əsas institutlardan biri olaraq öz əhəmiyyətini qoruyur".