Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumu keçirilir.
SİA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, artıq nüfuzlu beynəlxalq platformalardan birinə çevrilmiş forumda dünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edir. Tədbirdə 30-a yaxın beynəlxalq informasiya agentliyi, 60-dan çox aparıcı media qurumu, eləcə də 10-a yaxın beynəlxalq təşkilat və şirkət təmsil olunur.
Forum çərçivəsində medianın sülh quruculuğundakı rolu, sərhədlərarası media dialoqu və ictimai etimadın bərpası, dezinformasiya ilə mübarizədə beynəlxalq əməkdaşlıq, rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin yaradılması, süni intellekt dövründə media etikası və məsuliyyətli jurnalistika mövzularında panel müzakirələri, təkbətək görüşlər və interaktiv sessiyalar keçirilir.
Forumun əsas məqsədi mediada məsuliyyətli yanaşmanın təşviqi, cəmiyyətlər arasında etimadın bərpasına töhfə vermək, rəqəmsal həmrəyliyin gücləndirilməsi və sülhün təşviqi istiqamətində beynəlxalq əməkdaşlığı inkişaf etdirməkdir.