"Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur torpaqlarına hər səfəri tarixi və xüsusi əhəmiyyət kəsb etdiyi qədər, eynilə hər səfərin arxasında əsas mesajlar və vacib məqamlar dayanır. Bir neçə gün öncə cənab Prezident İlham Əliyevə xalqın növbəti etimadının şahidi olduq".
Bu sözləri SİA-ya açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, respondentlərin 93,16 faizi cənab İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirdi:
"Bütövlükdə isə respondentlərin etimad səviyyəsi 87,7 faizi təşkil edirdi ki, bu da hər 10 nəfərdən təxminən 9-nun Prezident İlham Əliyevə etimadını təsdiqləyir.
Bəli, bu səfər çərçivəsində dövlət başçımızın ünvanına sakinlər tərəfindən deyilən sözlər, səsləndirilən fikirlər həmin sorğunun əyani təsdiqidir. Məhz ona görədir ki, sakinlər bir ağızdan Ulu Öndər Heydər Əliyevə rəhmət diləyirdi. Bəli, məhz buna görə idi ki, həmin sakinlər cənab Prezident İlham Əliyevin gördüyü işlərə, onları tarixi torpaqlarına qovuşdurduğuna görə minnətdarlıq hissi duyurdular. Vaxtilə Azərbaycanın müxtəlif yerlərində, Beyləqanda, Qaradağda müvəqqəti məskunlaşan insanlar bu gün öz doğma yurd-yuvalarına geri dönürlər.
Bəli, səfərin iki mühüm istiqaməti var idi. Bunlardan biri xalqın Liderinə minnətdarlığının və etimadının təsdiqi idi, ikinci mühüm mesaj isə cənab Prezident İlham Əliyev tərəfindən verildi. Belə ki, dövlət başçımız insanların qarşısında yeganə tapşırıq olaraq onu müəyyənləşdirdi ki, insanlarımız, övladlarımız vətənpərvərlik ruhunda böyüsünlər, Azərbaycan xalqına, Azərbaycan dövlətinə ürəklərində sevgi ilə yetişsinlər.
Bəli, sakinlərdən birinin də qeyd etdiyi kimi, “Dəmir yumruq” haraya vurursa, ora Azərbaycan torpağıdır. Məhz hər bir vətəndaş, hər bir kəs cənab Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləməlidir. Səfər çərçivəsində dövlət başçımız insanlara mal-qara saxlamağı tövsiyə etdi, öz torpaqlarını qurub-yaratmağı məsləhət bildi. Çünki dövlətimiz insanların təhlükəsizliyini təmin etdiyi qədər, rifahı üçün çalışdığı qədər insanlar da Liderimizə etimad duymalıdır. Bu baxımdan cənab Prezident İlham Əliyev əminliklə də bildirdi ki, “Xalq da mənim arxamdadır”. Bəli, bu dəstək vəhdət təşkil edir.
Dövlət başçımız Qarabağda, Şərqi Zəngəzurda olarkən dövlətimizin apardığı bərpa-quruculuq işlərindəki inkişafı görəndə ürəyinin sevindiyini qeyd etdi. Biz yüksək ruhda və var gücümüzlə çalışmalıyıq ki, dövlət başçımızın yürüdüyü siyasətə dəstək olaq. Çünki bu siyasət hərtərəfli şəkildə icra edilir. Bir tərəfdən Həkəriçay su anbarının təməlinin qoyulması, Hoçaz çay üzərində yerləşən su elektrik stansiyalarının açılışının baş tutması, digər tərəfdən xalqımızın tarixi memarlıq irsinin yenidən bərpa edilməsi məhz bu siyasətin əyani göstəricisidir. Dövlət başçımızın da qeyd etdiyi kimi, erməni millətçiləri hər nə qədər torpaqlarımızı yerlə-yeksan etsələr də, biz bununla barışmadıq. Məhz bu barışmaz mövqe, sarsılmaz ruh bizi bugünkü günlərə gətirib çıxardı.
Bu səfər bir daha xalqın, ümumilikdə Ulu Öndər Heydər Əliyevin siyasətinə duyduğu minnətdarlıq hissinin ifadəsi oldu. Bu, cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasətə tam və qəti dəstəyin əyani təzahürüdür. Hər bir sakin ölkənin Birinci xanımı Mehriban xanım Əliyevaya salamlarını və sevgisini göndərirdi. Heydər Əliyev Fondunun gərgin əməyi sayəsində Yasəmən Hotelinin yeni korpuslarının istifadəyə verilməsi, Şuşada tarixi memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpası ondan xəbər verir ki, Mehriban xanım Əliyeva Azərbaycan xalqının mədəni irsinin qorunmasına, gələcək nəsillərə ehtiyatla ötürülməsinə olduqca incə və xüsusi həssaslıqla yanaşır. Buna görədir ki, hər bir sakin öz ailəsinin doğma və əziz üzvü kimi Mehriban xanım Əliyevaya səmimi salamlarını və təşəkkürünü ifadə etdi".