Təkcə son iki ayda Türkiyə terror təşkilatlarının ideologiyalarını təbliğ edən, dezinformasiya yayan və ictimaiyyətə psixoloji təzyiq göstərən 4354 sosial media səhifəsinə girişi bloklayıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Burhaneddin Duran bildirib.
Duran qeyd edib ki, terror təşkilatları manipulyasiya və dezinformasiya yolu ilə Türkiyədə ictimai asayişi və milli birliyi pozmağa yönəlmiş mütəşəkkil, əlaqələndirilmiş və sistemli təbliğatlarını davam etdirir.
Onun sözlərinə görə, bloklanan sosial media səhifələrinin əhəmiyyətli bir hissəsi birbaşa “Paralel dövlət” (FETÖ) terror təşkilatı ilə bağlıdır.
“Virtual məkan milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Biz terror təşkilatlarının sosial mediadan və rəqəmsal platformalardan təbliğat, cəlbetmə, maliyyələşdirmə, dezinformasiya və psixoloji müharibə üçün istifadə etməsinə heç bir vəchlə icazə verməyəcəyik”, - deyə o vurğulayıb.
Türkiyə Prezident Administrasiyasının nümayəndəsi ölkənin milli təhlükəsizliyinə təhdidlərin tezliklə müəyyən ediləcəyinə və onların aradan qaldırılması üçün təcili tədbirlər görüləcəyinə əminlik ifadə edib.