İranın Omandakı səfiri Musa Fərhəngi Oman Xarici İşlər Nazirliyinə çağırılıb. Ona Musəndəm və əl-Vusta vilayətlərində yerləşən ərazilərin pilotsuz uçuş aparatları (PUA) ilə hədəfə alınması ilə bağlı etiraz notası təqdim edilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, etiraz notası Xarici İşlər Nazirliyinin inzibati və maliyyə məsələləri üzrə müavini Şeyx Xalid əl-Məslihi tərəfindən səfirə təqdim olunub.
Oman tərəfi baş verən hadisələri “məsuliyyətsiz hərəkətlər” kimi qiymətləndirərək narahatlığını ifadə edib. Rəsmi Maskat Tehranı dövlətlərin suverenliyinə hörmət etməyə, mehriban qonşuluq prinsiplərinə riayət etməyə, digər ölkələrin daxili işlərinə qarışmamağa, beynəlxalq norma və etik dəyərlərə əməl etməyə çağırıb.