Slovakiya Prezidenti Peter Pelleqrini iyulun 13-də Azərbaycana rəsmi səfərə yola düşəcək.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Prezident Sarayından məlumat verilib.
Məlumata əsasən, Slovakiya Prezidenti ilə yanaşı, Baş nazirin müavini və müdafiə naziri Robert Kalinyak, Baş nazirin müavini və iqtisadiyyat naziri Denisa Sakova, Daxili İşlər naziri Matus Şutay Ştok və Slovakiya Milli Bankının sədri Peter Kazimir də Azərbaycana səfər edəcəklər.
"Əsas müzakirə mövzuları enerji əməkdaşlığının dərinləşdirilməsi, Slovakiya ixracının dəstəklənməsi, sənaye və texnoloji tərəfdaşlığın inkişaf etdirilməsi və iki ölkə arasında nəqliyyat əlaqələrinin yaxşılaşdırılması olacaq", - deyə bildirilib.
Tərəflər həmçinin slovakiyalı tərəfdaşların Azərbaycanın azad edilmiş ərazilərinin bərpası layihələrində iştirakı imkanlarını müzakirə edəcəklər.
Bundan əlavə, Pelleqrini həmçinin Ağdama səfər edəcək, Baş Qərvənd kəndindəki "Ağıllı Kənd" layihəsi ilə tanış olacaq və general Milan Rastislav Stefanikin adını daşıyacaq yeni məktəbin təməlqoyma mərasimində iştirak edəcək.
Məlumata görə, iyulun 15-də Slovakiya Prezidenti Bakıda Azərbaycanın Baş naziri Əli Əsədov və Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşlər keçirəcək. Səfər çərçivəsində o, həmçinin Azərbaycandakı Apostol Prefekturasının rəhbəri Vladimir Fekete ilə görüşəcək.
P. Pelleqrini Şəhidlər xiyabanını ziyarət edəcək, həmçinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edəcək.
Slovakiya prezidentinin Bakıya səfər proqramı çərçivəsində slovak sahibkarların iştirakı ilə Slovakiya-Azərbaycan Biznes Forumu da keçiriləcək.
"Məqsəd ticarət əməkdaşlığının genişləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və Slovakiya şirkətlərinin Azərbaycan bazarında fəaliyyətinə dəstək göstərilməsi üçün forumu platformaya çevirməkdir.
Bratislava və Bakı arasında ən yüksək səviyyədə siyasi dialoqun davam etdirilməsi hər iki ölkənin enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, innovasiyalar, nəqliyyat və texnoloji tərəfdaşlıqlar kimi strateji əhəmiyyətli sahələrdə münasibətlərin inkişafına maraqlı olduğunu təsdiqləyir", - məlumatda deyilir.