XXI əsr elm tarixində yalnız yeni kəşflərlə deyil, həm də tədqiqat üsullarının dəyişməsi ilə yadda qalır. Əvvəlki dönəmlərdə kitabxanalarda, arxivlərdə və əlyazma fondlarında qorunan akademik məlumatlar, mətnlər bu gün rəqəmsal mühitə köçürülür. Bu proses türkoloji dilçiliyin qarşısında yeni imkanlar açır və ənənəvi araşdırma metodlarını müasir texnologiyalarla birləşdirir.
SİA xəbər verir ki, иu fikirlər AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi dosent Təranə Şükürlünün AZƏRTAC-a təqdim etdiyi “Türkoloji dilçilik rəqəmsal yanaşmalar müstəvisində” məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
Rəqəmsal türkologiya türk dillərinin, ədəbiyyatının, tarixinin və mədəni irsinin kompüter texnologiyaları vasitəsilə öyrənilməsini nəzərdə tutan yeni elmi sahədir. Bu sahə türk xalqlarının dillərini və mədəni irsini qorumaqla yanaşı, onu yeni elmi üsullarla araşdırmağa imkan verir.
Ənənəvi türkologiyada dil materiallarının toplanması, təsnifatı və təhlili uzunmüddətli elmi zəhmət tələb edirdi. Alimlər əsasən kitablar, əlyazmalar, arxiv sənədləri və sahə araşdırmaları əsasında nəticələr əldə edirdilər. Rəqəmsal dövr isə türk dillərinin öyrənilməsinə yeni imkanlar gətirib. Bu gün milyonlarla söz və cümlədən ibarət elektron dil korpusları yaradılır, həmin materiallar xüsusi proqramlar vasitəsilə təhlil edilir. Beləliklə, dil hadisələrini daha geniş miqyasda və obyektiv şəkildə araşdırmaq mümkün olur.
Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədlinin təşəbbüsləri sayəsində rəqəmsal dilçilik, korpus texnologiyaları və elektron dil resurslarının yaradılması istiqamətində həyata keçirilən işlər elmi nəticələrini verməkdədir.
İnstitutun Türk dilləri şöbəsində professor İsmayıl Kazımovun rəhbərliyi ilə hazırlanmış “Türk dillərinin funksional morfologiyası”, “Türk dillərinin funksional sintaksisi” adlı kollektiv monoqrafiyalar, “Müasir türk dillərinin ikidilli lüğəti” və digər nəşrlər müasir türkologiyanın inkişafında elmi əhəmiyyətə malik tədqiqat nümunələridir. Bu nəşrlər türk dillərinin yalnız ənənəvi qrammatik təsvirini deyil, onların funksional, semantik, kommunikativ və müqayisəli xüsusiyyətlərini araşdırmağa yönəlib.
“Türk dillərinin funksional morfologiyası” müvafiq sahədə fundamental tədqiqatlardan biridir. Əsərdə türk dillərinin morfoloji quruluşu, nitq hissələri və onların qrammatik kateqoriyaları müqayisəli şəkildə araşdırılır. Əsərin əsas yeniliyi morfoloji vahidlərə yalnız forma baxımından deyil, onların funksional-semantik və kommunikativ xüsusiyyətləri baxımından yanaşılmasıdır.
“Türk dillərinin funksional sintaksisi” yeni sintaksisin əsas istiqamətlərindən biri kimi cümlənin yalnız strukturunu deyil, onun işlənmə məqsədini və kommunikativ dəyərini, media və elmi üslubda sintaktik fərqləri öyrənir.
“Müasir türk dillərinin ikidilli lüğətli” türk xalqları arasında dil əlaqələrinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Lüğətin həmmüəllifləri professor İsmayıl Kazımov, dosentlər Şəkər Orucova, Təranə Şükürlü və Cahid Kazımovdur. Belə lüğətlər yalnız sözlərin qarşılığını göstərən mənbə deyil, həm də dillərin leksik zənginliyini, ortaq türk söz fondunu müəyyənləşdirir. Lüğət Azərbaycan, tatar, özbək, qazax və qaqauz dilləri arasında daha güclü kommunikasiya qurmaq məqsədilə hazırlanıb.
İnstitutun şöbə müdiri professor İsmayıl Kazımovun “Azsaylı türk xalqlarının dili” monoqrafiyasında həmin xalqların dil xüsusiyyətləri, tarixi inkişaf mərhələləri, folklor nümunələri, adət-ənənələri və etnoqrafik dəyərləri geniş şəkildə təhlil edilir. Əsər türk xalqlarının ümumi mədəni irsinin öyrənilməsi və dil müxtəlifliyinin qorunması istiqamətində əhəmiyyətli elmi mənbədir.
Dosent Elnarə Əliyevanın “Azərbaycanca-uyğurca lüğət”i əsasən ümumişlək sözləri və müəyyən terminləri əhatə edir. Kitabda Azərbaycan dilində işlənən 4 minədək sözün qarşılığı verilib, frazeoloji birləşmələr, atalar sözləri və məsəllərə də yer ayrılıb.
Dosent Günel Mirzəyevanın “Azərbaycanca-özbəkcə-türkcə” danışıq kitabçasında özbək yazısının qısa tarixçəsi, özbək dilinin latın qrafikası haqqında məlumat verilir. Bu danışıq kitabçası özbək, Azərbaycan, türk xalqları arasında gediş-gəlişlərin və mədəni əlaqələrin genişlənməsində önəmlidir.