Teatr sənətsevərləri yeni səhnə əsərləri ilə qarşılayacaq...

10 İyul 2026 18:43 (UTC+04:00)

Yeni mövsümdə Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı sənətsevərləri yeni səhnə əsərləri ilə qarşılayacaq. Artıq bir neçə tamaşanın məşqlərinə başlanılıb. Hazırlanan tamaşalar sırasında Nikolay Qoqolun “Evlənmə” (quruluşçu rejissor Elşad Rəhimzadə), Xanım Aydının işləməsi əsasında hazırlanan “Pul əhvalatı” (quruluşçu rejissor Nicat Kazımov), “Pişiyin evi” (quruluşu rejissor Müşfiq Telmanoğlu), eləcə də “Qodonun həsrətində” (quruluşçu rejissor Şövqi Hüseynov) tamaşaları yer alır. Sonuncu səhnə əsərinin məşqləri artıq bir müddətdir davam edir.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bunu teatrın mətbuat katibi Samirə Əşrəf söyləyib.

O diqqətə çatdırıb ki, teatr üçün ötən mövsüm maraqlı və yaddaqalan olub. “Ötən ilin dekabrında rejissor Ayla Osmanovanın quruluşunda Şarl Perronun “Billur başmaq” əsəri əsasında hazırlanan tamaşa səhnələşdirilib. Tamaşa xüsusilə Yeni il bayramı ərəfəsində balaca tamaşaçılar tərəfindən böyük maraq doğurub. Ölkədə görkəmli yazıçı Maqsud İbrahimbəyovun 90 illiyi çərçivəsində teatr və Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin birgə layihəsi olan “Neft bumu hamıya gülümsəyir” tamaşasının premyerası yanvarda reallaşıb. Fevralda İlqarə Tosovanın 60 illik yubileyinə həsr olunan “Polkovnikə məktub” tamaşası tamaşaçılara təqdim edilib. Tamaşanın quruluşçu rejissoru Ayşad Məmmədovdur. Apreldə quruluşçu rejissor Ayla Osmanovanın “Meri Poppins” əsəri əsasında hazırlanan tamaşanın premyerası keçirilib. Mayda isə Aydan Məmmədzadənin quruluşunda hazırlanan Jan Koktonun “Biganə məşuq” tamaşası ilə teatrımız beynəlxalq festivalda təmsil olunub. Festival çərçivəsində yaradıcı heyət müxtəlif xüsusi mükafatlara layiq görülüb.

Mövsümün son premyerası görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin “Hacı Qara” əsəri əsasında hazırlanıb. Tamaşa Xalq artisti Cənnət Səlimovanın fərqli səhnə yozumunda təqdim olunub və teatr mövsümü məhz bu tamaşa ilə bağlanıb”,- deyə S.Əşrəf əlavə edib.

Mətbuat katibi teatrın qastrol fəaliyyətinin aktiv keçdiyini söyləyib. O vurğulayıb ki, “Dəlinin qeydləri” tamaşası ilə Əməkdar artist Şövqi Hüseynov Almaniya, Rusiya, İran və Türkiyədə qastrol səfərlərində iştirak edib.