Mənzilin kirayəyə verilməsi zamanı tərəflər arasında hüquqi öhdəliklərin düzgün müəyyənləşdirilməsi gələcəkdə yarana biləcək anlaşılmazlıqların və mübahisələrin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Yaşayış sahəsinin icarəyə verilməsi zamanı müqavilənin rəsmiləşdirilməsi həm mülkiyyətçinin, həm də kirayəçinin hüquqlarının qorunmasına xidmət edən əsas amillərdən biridir. Bəs kirayə müqaviləsi olmadan mənzil kirayəyə verməyin riskləri nələrdir?
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə,Vəkillər Kollegiyasının üzvü, Azərbaycan İstehlakçılar şurasının sədri Roman Qaraşov deyib ki, kirayə müqaviləsi olmadan yaşayış sahəsinin icarəyə verilməsi mülkiyyətçi üçün ciddi hüquqi və maliyyə riskləri yaradır.
“İlk növbədə, yazılı müqavilə olmadıqda tərəflər arasında icarə münasibətlərinin şərtlərinin – kirayə haqqının məbləği, ödəniş müddəti, depozit, kommunal xərclərin ödənilməsi, əmlakın təhvil verilməsi və geri qaytarılması qaydalarının sübut edilməsi çətinləşir. Təcrübədə ən çox rast gəlinən hallardan biri kirayəçinin uzun müddət kirayə haqqını ödəməməsi və ya müqavilə olmadığından mənzili boşaltmaqdan imtina etməsidir. Belə vəziyyətlərdə mülkiyyətçi məhkəmədə hüquqlarını müdafiə etmək üçün kifayət qədər yazılı sübuta malik olmur və bu da məhkəmə çəkişmələrinin uzanmasına, əlavə xərclərin yaranmasına və əmlakdan sərbəst istifadə hüququnun faktiki olaraq məhdudlaşmasına səbəb olur. Eyni zamanda, kirayəçi tərəfindən işıq, qaz, su və digər kommunal xidmətlər üzrə borcların yığılması, mənzilə və ya mənzildəki əşyalara zərər vurulması, təmir elementlərinin korlanması, habelə depozitin şərtlərinin rəsmiləşdirilməməsi nəticəsində yaranan mübahisələr də mülkiyyətçinin hüquqi mövqeyini əhəmiyyətli dərəcədə zəiflədir. Əmlakın təhvil-təslim aktı olmadıqda isə vurulmuş ziyanın məbləğini və həmin ziyanın məhz kirayəçi tərəfindən törədildiyini sübut etmək əksər hallarda çətin olur”, - deyə o qeyd edib.
R.Qaraşov əlavə edib ki, müqaviləsiz icarə münasibətləri üçüncü şəxslər qarşısında da əhəmiyyətli hüquqi risklər yarada bilər: “Kirayəçinin səhlənkarlığı nəticəsində baş vermiş yanğın, su basması, qaz sızması və ya digər hadisələr qonşuların əmlakına zərər vurduqda, mülkiyyətçi həm mülki-hüquqi iddialarla, həm də sığorta və digər hüquqi prosedurlarla üzləşə bilər. Təcrübədə kirayə verilmiş mənzilin qanunsuz məqsədlər üçün istifadə olunması, mənzildə qeydiyyatsız şəxslərin yaşaması, ictimai asayişin pozulması və ya hüquq-mühafizə orqanlarının araşdırma apardığı hallarda da rəsmi müqavilənin olmaması ev sahibinin hüquqi vəziyyətini ağırlaşdırır və onun faktiki olaraq izahat verməli olan əsas şəxslərdən birinə çevrilməsinə səbəb olur.
Digər tərəfdən, icarə fəaliyyətinin rəsmiləşdirilməməsi vergi qanunvericiliyinin tələblərinin pozulması kimi qiymətləndirilə və əlavə vergi öhdəlikləri, maliyyə sanksiyaları ilə nəticələnə bilər. Bu baxımdan, yazılı və qanunvericiliyin tələblərinə uyğun bağlanmış kirayə müqaviləsi yalnız tərəflər arasında razılaşmanı təsdiq edən sənəd deyil, həm də mülkiyyətçinin əmlakını, maliyyə maraqlarını və hüquqi təhlükəsizliyini təmin edən əsas hüquqi təminat vasitəsidir”.