"Azərbaycanla İordaniya arasındakı dövlətlərarası münasibətlər sistemi bütün sferalar üzrə inkişaf edir və Azərbaycanla İordaniyanın siyasi-iqtisadi, ticari münasibətləri getdikcə daha da genişlənir".
Bu fikirləri SİA-ya açıqlamasında siyasi təhlilçi Aqşin Kərimov bildirib.

Onun sözlərinə görə, İordaniya xarici siyasətdə balanslaşdırıcı və sabitləşdirici aktor rolu oynayan ölkələrdən biridir və bu, onun Yaxın Şərqdəki mövqelərinə təsir göstərir:
"Belə bir aktorun Azərbaycanla münasibətlərə xüsusi önəm verməsi iki ölkənin prioritetlərini, oxşar məqamlarını bir daha göz önünə gətirir.
Azərbaycan və İordaniyanın münasibətlərində münaqişələrdən qaçmaq, münaqişələrin sülh yolu ilə həll edilməsi prinsiplərinə üstünlük verilməsi də tərəflərin əlaqələrindəki müsbət yanaşmaları göstərir və ortaq meyarlar Azərbaycanla İordaniyanın regional münasibətlər sistemindəki yerini möhkəmləndirən əsas faktor kimi çıxış edir.
Azərbaycanla İordaniya arasındakı münasibətlərin bundan sonra da yüksək səviyyəli dialoq, qarşılıqlı etimad və strateji tərəfdaşlıq xətti ilə inkişaf edəcəyini proqnozlaşdırmaq mümkündür. Burada Azərbaycan və İordaniyanın xarici siyasət prioritetlərindəki oxşar məqamlar da prosesə təkan verən amillərdən biri olaraq qalacaq."
Lətifə Abdıyeva