“Azərbaycanın milli maraqlara əsaslanan çoxvektorlu xarici siyasəti dünya ölkələri ilə normal və bərabərhüquqlu münasibətlərin inkişafı özündə ehtiva edir. Bu gün ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeləri əhəmiyyətli dərəcədə güclənir".
Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Sevinc Fətəliyeva deyib. Onun sözlərinə görə, hazırda ölkəmizlə dost olmaq istəyən dövlətlərin də sayı artmaqdadır: "Azərbaycanla yaxın dost ölkələrdən biri də İordaniyadır. İyulun 8-də İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadinin ölkəmizə səfəri, səfər zamanı imzalanan sənədlər və aparılan müzakirələr əlaqələrimizin yüksələn xətlə inkişaf etməsinin göstəricisidir.
Prezident İlham Əliyevlə Əymən Əs-Safadinin görüşü zamanı müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından mühüm rol oynadığı vurğulanıb, əlaqələrimizin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığı qeyd edilib. Eləcə də, siyasi, iqtisadi, energetika, bağlantılar, investisiyalar, humanitar və digər sahələrdə tərəfdaşlığın möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi, regional məsələlər, gələcək təmaslar, hökumətlərarası komissiyanın fəaliyyətinin genişləndirilməsi və parlamentlərarası əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
İordaniya Haşimilər Krallığı Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabrında tanıyıb. Ölkələrimiz arasında diplomatik əlaqələr isə 13 fevral 1993-cü il tarixində yaradılıb. 2006-cı il martın 28-də Azərbaycanın İordaniyada, 2007-ci il mayın 5-də İordaniyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.
Azərbaycan və İordaniya liderləri arasında ilk görüş 1994-cü ildə - İKT-nin Kasablanka Zirvə toplantısında olub. Görüş zamanı Ulu Öndər Heydər Əliyev və İordaniya Kralı Hüseyn bin Talal ikitərəfli münasibətlərin inkişafı məsələlərini geniş müzakirə ediblər. Dövlət rəhbərləri daha sonra 2000-ci ilin yanvarında Davos Ümumdünya İqtisadi forumunda görüşərək hər iki tərəfi maraqlandıran məsələlər barəsində fikir mübadiləsi aparıblar.
2000-ci illərdə isə Azərbaycan-İordaniya münasibətlərinin inkişafında tamamilə yeni mərhələnin başlandığını əminliklə qeyd etmək olar. Bunun göstəricisi kimi 2006-cı il avqustun 22-23-də İordaniya kralı II Abdullahın Azərbaycana ilk rəsmi səfərini misal göstərmək olar. Səfər zamanı imzalanmış "Azərbaycan Respublikası və İordaniya Krallığı hökuməti arasında əməkdaşlığa dair Çərçivə Sazişi" mövcud əlaqələrə əlavə impuls verib.
Azərbaycan Prezidenti İlham Əliyev isə 2007-ci il iyulun 29-da İordaniyaya rəsmi səfərə gedib. İordaniya kralı II Abdullahla görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, həmçinin, qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub.
Səfər çərçivəsində Azərbaycan və İordaniya hökumətləri arasında müdafiə sahəsində əməkdaşlıq, beynəlxalq avtomobil əlaqələri, fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş, təhsil, elm, mədəniyyət və incəsənət, gənclər və idman, səhiyyə və media sahələrində əməkdaşlıq üzrə İcraedici Proqram və digər sənədlər imzalanıb.
Bu sənədlər qarşılıqlı əməkdaşlığın təməl hüquqi bazasını təşkil edir. Azərbaycanla İordaniya ikitərəfli münasibətlərin ən yüksək səviyyəyə çatması üçün səylərini gücləndirmək əzmindədir. Bunun üçün hər iki tərəf güclü siyasi iradəyə malikdir və bölgədə geniş əməkdaşlıq imkanlarının yaradılmasında təşəbbüskar kimi çıxış edirlər. Eyni zamanda, tərəflər bütün prinsipial məsələlərdə ən yüksək səviyyədə bir-birini dəstəkləyirlər.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında adi pasport sahibləri üçün viza tələblərinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi, həmçinin Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İordaniya Haşimilər Krallığının Enerji və Mineral Ehtiyatlar Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunu imzalayıblar.
Nazirlər, həmçinin Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə daxil olmaqla çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığı nəzərdən keçirərək, qarşılıqlı etimad və dəstəyə əsaslanan tərəfdaşlıqdan məmnunluqlarını ifadə ediblər. İmzalanmış sənədlər və perspektiv üçün nəzərdə tutulan planlar qarşılıqlı əlaqələrin inkişafına böyük təkan verəcək".
Lətifə Abdıyeva