"Azərbaycanın yeraltı su ehtiyatları təxmini qiymətləndirmələrə görə 8,5–9 milyard kubmetr təşkil edir" .
Bu sözləri SİA-ya açıqlamasında ekoloq Sadiq Həsənov bildirib.
Onun sözlərinə görə, təxminən 20 il əvvəl bu göstərici 10 milyard kubmetr hesablanırdı və yeraltı su ehtiyatları ölkənin ümumi yerüstü su ehtiyatlarının təxminən 30 faizini təşkil edirdi:
"Yəni bizim yeraltı su ehtiyatlarımız da yerüstü su ehtiyatları kimi azalmağa doğru gedir. Göründüyü kimi, son 20-25 ildə bu ehtiyatlar təxminən 10 faiz azalıb və bu, kifayət qədər böyük göstəricidir.
Bu azalma tendensiyasının bir neçə səbəbi var. Burada həm kortəbii quyu qazılması, həm də yeraltı su ehtiyatlarından müxtəlif məqsədlər üçün istifadə mühüm rol oynayır. Ümumiyyətlə, yeraltı su ehtiyatlarından təkcə Azərbaycanda deyil, bütün dünyada istifadə olunur. Keçmiş dövrlərdə indiki kommunikasiya, nasos və suyun təmizlənməsi sistemləri olmadığından insanlar illərlə quyu qazaraq yeraltı su ehtiyatlarından yararlanıblar.
Son dövrlərdə Bakının bir sıra kəndlərində və regionlarda su çatışmazlığı yarandıqda insanlar quyulardan istifadə edirlər. Təbii ki, buna ehtiyac var. Lakin bu quyulardan istifadənin nizamlanmasına ehtiyac duyulur. Xüsusilə də quyu sularının nasoslarla çəkilməsinə nəzarət sistemi yaradılmalıdır.
Yeraltı su ehtiyatlarından genişmiqyaslı texniki məqsədlər üçün istifadə olunarsa, bu ehtiyatlar tükənə bilər. Əhalinin məişət məqsədilə istifadəsi isə onların azalmasına o qədər də ciddi təsir göstərmir. Hesab edirəm ki, bəzi regionlarda yeraltı su ehtiyatlarından texniki məqsədlər üçün geniş istifadə olunur.
Məsələn, Naxçıvanda, Aran bölgəsində və bəzi digər ərazilərdə artezian quyuları qazılır və bu quyuların suyu əsasən suvarmada istifadə edilir. Bu da həmin ehtiyatların tükənməsinə səbəb ola bilər. Buna görə də həm yerüstü, həm də yeraltı su ehtiyatlarından qənaətlə istifadə olunması onların gələcək nəsillərə ötürülməsinə və səmərəli istifadəsinə mühüm töhfə verə bilər".
Lətifə Abdıyeva