"Milli mətbuatımızın uğurlu inkişafı dövlət qayğısı ilə daha da güclənir" - DEPUTAT DANIŞDI

10 İyul 2026 14:41 (UTC+04:00)

"22 İyul - Milli Mətbuat Günü Azərbaycan xalqının sözə, maarifçiliyə və milli düşüncəyə verdiyi dəyərin təntənəsidir. Bu tarix təkcə ilk milli qəzetimizin nəşrə başladığı gün deyil, həm də xalqın öz sözünü demək, həqiqəti yazmaq və milli kimliyini qorumaq uğrunda başladığı böyük yolun rəmzidir".

Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, deputat Elnarə Akimova deyib.

Elnarə Akimova sözlərinə belə davam edib: “151 illik şərəfli tarixə malik Azərbaycan mətbuatı çətin və keşməkeşli bir yol keçib. Bu yolun təməlində böyük maarifçi Həsən bəy Zərdabinin yorulmaz əməyi, fədakarlığı və uzaqgörənliyi dayanır. Onun nəşr etdirdiyi "Əkinçi" qəzeti xalqın maariflənməsinə, milli oyanışına və azərbaycançılıq ideyalarının formalaşmasına misilsiz töhfələr verdi. Sonrakı dövrlərdə yüzlərlə qələm sahibi bütün çətinliklərə, təzyiqlərə və məhrumiyyətlərə baxmayaraq həqiqətin keşiyində dayanaraq mətbuat tariximizin qızıl səhifələrini yazdı. Məhz onların zəhməti sayəsində Azərbaycan mətbuatı cəmiyyətin vicdanına, xalqın səsinə və dövlətçiliyimizin mühüm dayaqlarından birinə çevrildi.

Müstəqillik dövründə isə Azərbaycan mətbuatı öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Ümummilli Lider Heydər Əliyevin söz və mətbuat azadlığının təmin olunması istiqamətində həyata keçirdiyi mühüm islahatlar, senzuranın ləğvi və medianın inkişafına göstərdiyi diqqət milli mətbuatımızın gələcək yüksəlişi üçün möhkəm zəmin yaratdı. Bu siyasət bu gün də Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətin media sahəsinə göstərdiyi ardıcıl diqqət və dəstək nəticəsində milli mətbuat müasir çağırışlara uyğun şəkildə inkişaf edir, peşəkarlıq, operativlik və obyektivlik baxımından yeni nailiyyətlər qazanır.

Bu gün Azərbaycan mediası rəqəmsal transformasiyanın ən fəal iştirakçılarından biridir. İnnovativ texnologiyaların, süni intellekt həllərinin və rəqəmsal platformaların mediaya inteqrasiyası informasiyanın hazırlanması və yayılmasında tamamilə yeni imkanlar yaradıb. Ənənəvi media ilə rəqəmsal media arasında uğurlu sintez formalaşır, informasiya cəmiyyətinin tələblərinə uyğun çevik və güclü media ekosistemi yaranır.

Media sahəsində aparılan ardıcıl islahatlar, yeni idarəetmə mexanizmlərinin tətbiqi və bu istiqamətdə yaradılan yeni şura da ölkəmizdə informasiya siyasətinin daha səmərəli həyata keçirilməsinə xidmət edir. İnanırıq ki, bu mühüm missiyaya rəhbərlik edən hörmətli Mehriban xanımın yüksək idarəçilik bacarığı, zəngin təcrübəsi və strateji baxışı media sahəsində həyata keçirilən yeniliklərin uğurunu daha da artıracaq, milli mətbuatımızın inkişafına mühüm töhfələr verəcək.

Milli Mətbuat Günü münasibətilə ömrünü həqiqətə, sözə və cəmiyyətin maariflənməsinə həsr edən bütün jurnalistləri, redaktorları, media əməkdaşlarını səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, tükənməz qələm gücü, yeni yaradıcılıq uğurları arzulayırıq. Qoy Azərbaycan mətbuatı hər zaman həqiqətin səsi, milli maraqlarımızın etibarlı müdafiəçisi və dövlətimizin inkişaf salnaməsini yazan qüdrətli söz tribunası olaraq yeni zirvələr fəth etsin!"