"İsrail tərəfindən Ermənistanın tanınması ilə bağlı qərar, təbii ki, Azərbaycanda müsbət qarşılanmadı və qarşılanması da mümkün deyildi. Bunun bir neçə mühüm səbəbi var".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Turan Rzayev sözlərinə belə davam edib: "Bu addım Azərbaycanın strateji müttəfiqi olan Türkiyəyə qarşı atılmış siyasi mesaj kimi qiymətləndirildi. İsrail Azərbaycan üçün strateji tərəfdaş olsa da, Türkiyə Şuşa Bəyannaməsi ilə Azərbaycanın rəsmi siyasi və hərbi müttəfiqidir. Bu baxımdan Azərbaycan Türkiyənin maraqlarına toxunan belə bir məsələyə biganə qala bilməzdi.
İkinci mühüm məqam qərarın verildiyi vaxt idi. Həmin dövrdə Azərbaycan və Ermənistan arasında sülh danışıqları müsbət istiqamətdə davam edir, eyni zamanda Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində müəyyən addımlar atılırdı. Belə bir şəraitdə verilən qərar regionda formalaşmaqda olan müsbət proseslərə mənfi təsir göstərə biləcək addım kimi dəyərləndirilirdi.
Maraqlı məqamlardan biri də odur ki, Ermənistan tərəfi belə bu qərarı gözlənildiyi qədər böyük sevinclə qarşılamadı. Çünki uzun illər ərzində İsrail və Ermənistan qondarma "soyqırımı" məsələsində fərqli mövqelərdən çıxış ediblər. Ermənistan uzun illər bu iddiaların beynəlxalq səviyyədə tanınmasına çalışdığı halda, İsrail Holokostu yeganə xüsusi soyqırımı kimi qəbul etməyə üstünlük verib. Bu baxımdan iki ölkə arasında həmin məsələ ilə bağlı ciddi fikir ayrılıqları mövcud olub.
Azərbaycan isə bu məsələdə emosional deyil, praqmatik və realist yanaşma nümayiş etdirdi. Rəsmi Bakı diplomatik kanallarla öz mövqeyini ortaya qoydu və Azərbaycanın narahatlığını İsrail tərəfinə çatdırdı. Sonrakı hadisələr göstərdi ki, İsrail Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verir. Çünki Azərbaycan İsrail üçün həm enerji təhlükəsizliyi, həm də müsəlman və türk dünyası ilə münasibətlər baxımından mühüm tərəfdaşdır.
Bu hadisə bir daha göstərdi ki, Azərbaycan xarici siyasətində həm strateji tərəfdaşları ilə münasibətlərini qorumağa, həm də müttəfiqlərinin maraqlarını nəzərə almağa çalışır. Eyni zamanda, bu proses Azərbaycanın diplomatik imkanlarını və regionda artan siyasi nüfuzunu nümayiş etdirdi.
Nəticə etibarilə, Azərbaycan bir tərəfdən İsraillə strateji tərəfdaşlığını davam etdirməyə çalışır, digər tərəfdən isə müttəfiqi Türkiyənin maraqlarını hər zaman diqqətdə saxlayır. Bu da Azərbaycanın balanslı və milli maraqlara əsaslanan xarici siyasət kursunun mühüm göstəricilərindən biridir".