“Azərbaycan ilə İordaniya arasında dostluq münasibətləri gələcəkdə də uğurla davam edəcək” - DEPUTAT DANIŞDI

10 İyul 2026 14:39 (UTC+04:00)

“Azərbaycan ilə İordaniya arasında münasibətlər hazırda yüksək səviyyədədir və qarşılıqlı hörmət, dostluq prinsipləri əsasında uğurla inkişaf edir. İordaniya rəhbərliyinin Azərbaycana səfərləri, eləcə də dövlət başçıları səviyyəsində keçirilən görüşlər bu münasibətlərin möhkəmliyinin bariz göstəricisidir”.
Bu sözləri SİA -ya açıqlamasında Millət Vəkili Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, İordaniya tolerantlıq ənənələri, milli-mədəni dəyərləri və cəmiyyətinin xarakteri baxımından Azərbaycana yaxın ölkələrdən biridir:

”Xüsusilə ərəb dünyasında dini və mədəni müxtəlifliyə hörmətin, tolerantlıq mühitinin qorunduğu dövlətlər sırasında yer alır. Bu baxımdan Azərbaycan və İordaniya arasında ortaq dəyərlərə əsaslanan qarşılıqlı anlaşma üçün möhkəm zəmin formalaşıb.

Eyni zamanda, İordaniya Yaxın Şərq regionunda mühüm siyasi nüfuza malik dövlətdir. Bu səbəbdən Azərbaycan siyasi, iqtisadi, humanitar və digər sahələrdə bu ölkə ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir.

Son illərdə vizasız gediş-gəliş imkanlarının yaradılması, qarşılıqlı səfərlərin intensivləşməsi və müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişafı iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə töhfə verir.

Azərbaycan ilə İordaniya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin gələcəkdə də uğurla inkişaf edəcəyi, əməkdaşlığın yeni istiqamətlər üzrə daha da genişlənəcəyi gözlənilir. İki ölkə bundan sonra da əlaqələrini qarşılıqlı hörmət, etimad və strateji tərəfdaşlıq ruhunda inkişaf etdirmək əzmindədir”.