"Donald Trampın Ankarada keçirilən NATO Zirvə toplantısında iştirakı həm ABŞ-Avropa münasibətləri, həm də ABŞ-Türkiyə əlaqələri baxımından mühüm siyasi əhəmiyyət daşıdı. Bu səfəri hər iki istiqamətdə yeni proseslərin başlanğıcı kimi qiymətləndirmək olar".
Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, zirvə öncəsi müxtəlif ehtimallar və narahatlıqlar mövcud idi. Bəzi ekspertlər ABŞ-ın NATO-dan uzaqlaşa biləcəyini, hətta alyansı tərk edə biləcəyini istisna etmirdilər. Digərləri isə Vaşinqtonun Türkiyənin maraq dairəsində olan məsələlərə necə yanaşacağını diqqətlə izləyirdi:
"Zirvə görüşlərindən sonra bu sualların əksəriyyətinə müəyyən mənada aydınlıq gətirildi. Bununla belə, əldə olunan razılaşmaların nə dərəcədə həyata keçiriləcəyini zaman göstərəcək. Çünki söhbət siyasi mövqeyini zaman-zaman çevik şəkildə dəyişən ABŞ Prezidenti Donald Trampdan gedir.
Türkiyə üçün ən mühüm məsələlərdən biri F-35 qırıcı təyyarələri proqramına yenidən qoşulmaq idi. Tramp bu istiqamətdə ümidverici açıqlamalar verdi və Türkiyənin proqrama qayıdışı yenidən gündəmə gəldi.
Bununla yanaşı, Türkiyə yerli istehsal olan KAAN döyüş təyyarəsinin mühərrikinin təmin edilməsi məsələsini də ABŞ ilə dialoqun əsas mövzularından birinə çevirdi. Bu istiqamətdə hansı qərarların qəbul ediləcəyi isə yaxın dövrdə məlum olacaq.
Ərdoğan–Tramp görüşündə iki ölkənin qarşılıqlı maraq doğuran bir sıra regional məsələləri də müzakirə edildi. Xüsusilə İsrail–Türkiyə münasibətləri, Suriyadakı proseslər və ümumilikdə Yaxın Şərqdəki geosiyasi vəziyyətlə bağlı gələcək əməkdaşlıq imkanları nəzərdən keçirildi. Bu sahələrdə müəyyən dəyişikliklərin baş verməsi ehtimalı da istisna edilmir.
Qeyd etmək lazımdır ki, son illərdə Türkiyə-ABŞ münasibətləri müəyyən durğunluq dövrü yaşayırdı. Türkiyənin F-35 proqramından çıxarılması, Ankaranın Rusiyadan S-400 zenit-raket kompleksləri alması, FETÖ məsələsi və digər siyasi gərginliklər iki ölkə arasında münasibətlərin soyumasına səbəb olmuşdu.
Lakin Ankarada keçirilən görüşlər göstərdi ki, tərəflər keçmişdə yaşanan fikir ayrılıqlarını arxa plana keçirməyə və münasibətləri yeni mərhələyə daşımağa çalışırlar. Trampın səfəri də məhz bu baxımdan Türkiyə-ABŞ əlaqələrində yeni səhifənin başlanğıcı kimi qiymətləndirilə bilər.
Bununla belə, bu yeni mərhələnin həqiqətən strateji əməkdaşlığa çevrilib-çevrilməyəcəyini və əldə olunan razılaşmaların praktikada necə icra olunacağını yalnız zaman göstərəcək.