“Dövlət satınalmalarında hüquqi boşluqların aradan qaldırılması vacibdir” - Müşfiq Məmmədli

10 İyul 2026 11:53 (UTC+04:00)

“Dövlət satınalmaları ilə bağlı qanun layihəsinə təklif edilən dəyişikliklər xarici təchizatçılarla bağlanan müqavilələrin icrasında yaranan hüquqi problemlərin aradan qaldırılmasına və satınalma prosesinin daha səmərəli təşkilinə xidmət edir”.

SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Müşfiq Məmmədli parlamentin bugünkü növbədənkənar sessiyasında çıxışı zamanı səsləndirib.

Deputat bildirib ki, dövlət büdcəsi hesabına maliyyələşən qurumlar bəzi hallarda xarici şirkətlərdən yüksək texnologiyalı tibbi avadanlıqlar, proqram təminatı və digər strateji əhəmiyyətli məhsullar əldə edirlər. Onun sözlərinə görə, bu satınalmaların bir hissəsi alternativi olmayan məhsulları əhatə etdiyindən bir mənbədən həyata keçirilir.

Müşfiq Məmmədli qeyd edib ki, praktikada xarici təchizatçılar öz ölkələrinin qanunvericiliyi və ya daxili korporativ qaydaları səbəbindən Azərbaycan qanunvericiliyində nəzərdə tutulan icra və ya avans təminatını təqdim edə bilmirlər. Bu isə mövcud qanunvericilikdə istisna mexanizmi olmadığından ödənişlərin gecikməsinə və müqavilələrin icrasında problemlərə səbəb olur.

Deputat vurğulayıb ki, təqdim olunan dəyişikliklər dövlət maraqlarına xidmət etməklə yanaşı, praktik problemlərin həllinə yönəlib.

O, qanun layihəsinin ikinci oxunuşunda bir sıra redaksiya xarakterli təkliflər də irəli sürdüyünü bildirib. Onun sözlərinə görə, qanunda istifadə olunan "mümkünsüzlük müəyyən edildikdə" ifadəsinin daha konkret izah olunması, bu anlayışın xarici dövlətin qanunvericiliyi, beynəlxalq öhdəliklər və ya təchizatçının hüquqi statusu ilə əlaqələndirilməsi məqsədəuyğun olardı.

Müşfiq Məmmədli əlavə edib ki, qərarların "əsaslandırılmış qərar" formasında qəbul edilməsi qərarverən orqanın məsuliyyətini artıracaq və gələcəkdə subyektiv yanaşmaların qarşısını almağa kömək edəcək.

Deputat hesab edir ki, bu mexanizmin yalnız müstəsna hallarda tətbiq olunması qanunda ayrıca vurğulanmalı, eyni zamanda təklif verən qurumun müraciəti də əsaslandırılmış olmalı və mümkün risklər əvvəlcədən qiymətləndirilməlidir.

Müşfiq Məmmədli sonda qeyd edib ki, qanun layihəsi dövlət vəsaitlərinin qorunması ilə dövlət ehtiyaclarının vaxtında təmin olunması arasında balans yaratmağa xidmət edir və irəli sürdüyü təkliflər layihənin tətbiqini daha şəffaf, dəqiq və effektiv edəcək.