"Azərbaycan həm Türkiyə, həm də İsraillə strateji münasibətlərə malik nadir ölkələrdən biridir" - ŞƏRH

10 İyul 2026 11:16 (UTC+04:00)

“İsraildə 1915-ci il hadisələrinin 'erməni soyqırımı' kimi tanınması təşəbbüsünün gündəmə gətirilməsi təkcə tarixi məsələ deyil, həm də ciddi geosiyasi və diplomatik məzmun daşıyan bir hadisə idi. Bu proses bir daha göstərdi ki, Cənubi Qafqaz və Yaxın Şərqdə baş verən hadisələr artıq bir-birindən ayrı deyil, vahid geosiyasi kontekstdə qiymətləndirilir.

Azərbaycan bu məsələdə prinsipial, təmkinli və milli maraqlara söykənən mövqe nümayiş etdirdi. Bakı tarixi hadisələrin siyasi alətə çevrilməsinin əleyhinə olduğunu açıq şəkildə bəyan etdi və İsrail tərəfini bu qərarı yenidən nəzərdən keçirməyə çağırdı. Bu, hansısa dövlətə qarşı çıxmaq deyil, strateji tərəfdaşa dostcasına edilən səmimi xəbərdarlıq idi.” Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev SİA-ya açıqlamasında deyib.
“Azərbaycan həm Türkiyə, həm də İsraillə strateji münasibətlərə malik nadir ölkələrdən biridir" - BƏHRUZ QULİYEV] Ekspert qeyd edib ki, Azərbaycan həm Türkiyə, həm də İsraillə strateji münasibətlərə malik nadir ölkələrdən biridir. Məhz buna görə Bakı emosiyalarla deyil, diplomatik məsuliyyət hissi ilə hərəkət etdi. Türkiyə ilə müttəfiqlik münasibətləri Azərbaycanın xarici siyasətinin dəyişməz istiqamətidir və Ankara üçün xüsusi həssaslıq doğuran məsələlərdə Azərbaycanın mövqeyi əvvəldən bəlli idi.

Diqqət çəkən məqam ondan ibarətdir ki, Azərbaycanın ortaya qoyduğu arqumentlər İsrail cəmiyyətində, ekspert dairələrində və siyasi mühitdə də ciddi müzakirələr yaratdı. Getdikcə belə bir fikir formalaşdı ki, bu təşəbbüs nə İsrailin milli maraqlarına, nə də regionda formalaşmış strateji əməkdaşlıq mühitinə xidmət edir.

"Düşünürəm ki, prosesin dayandırılması onu göstərdi ki, düşünülmüş diplomatiya bəzən ən sərt bəyanatlardan daha təsirli olur.

Bu hadisə Azərbaycanın beynəlxalq nüfuzunun artmasının növbəti göstəricisidir. Artıq Azərbaycan yalnız regional prosesləri izləyən dövlət deyil, onların istiqamətinə təsir göstərən, mövqeyi dinlənilən və nəzərə alınan mühüm siyasi aktordur. Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil, balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət kursu ölkəmizə belə imkanlar qazandırıb.

Bu gün Azərbaycanın sözü beynəlxalq platformalarda eşidilir, tərəfdaşları tərəfindən diqqətlə qiymətləndirilir. Ən önəmlisi isə budur ki, ölkəmiz dostluq münasibətlərini qorumaqla yanaşı, milli maraqları və müttəfiqlərinin həssas yanaşdığı məsələləri də qətiyyətlə müdafiə etməyi bacarır.

Məhz buna görə də baş verən hadisə təkcə bir diplomatik epizod deyil. Bu, Azərbaycanın siyasi çəkisinin, diplomatik imkanlarının və beynəlxalq etimadının real nəticəsidir. Gələcək dövrdə də ölkəmizin prinsipial, uzaqgörən və balanslaşdırılmış xarici siyasəti regionda sabitliyin, əməkdaşlığın və qarşılıqlı etimadın möhkəmlənməsinə mühüm töhfələr verəcək." - deyə, B.Quliyev əlavə edib.