“Azərbaycan Respublikası ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə”nin təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisin növbədənkənar sessiyasının bugünkü iclasında bir oxunuşda qəbul edilib.
SİA xəbər verir ki, qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndinə uyğun olaraq hazırlanıb.
Layihəyə əsasən, 2026-cı il aprelin 25-də Qəbələ şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə” təsdiq edilir.
Qeyd edək ki, müqavilə iki ölkə arasında mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlığın genişləndirilməsinə, hüquqi yardım mexanizmlərinin təkmilləşdirilməsinə və aidiyyəti qurumlar arasında qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.