Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi Zəngilan rayonunun Ağalı kəndində növbəti əmək yarmarkası keçirib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, aktiv məşğulluq tədbirində dövlət və özəl sektora aid 18 müəssisə tərəfindən hüquqşünas, mühəndis, mexanik, elektrik qaz qaynaqçısı, çilingər-santexnik, kənd təsərrüfatı texnikaları üzrə mütəxəssis, satıcı-kassir, informasiya texnologiyaları üzrə mütəxəssis, satınalma üzrə mütəxəssis, qaz paylayıcı stansiyanın operatoru, aşpaz, bağban, gözətçi, traktorçu, anbardar, sürücü və digər peşə istiqamətləri üzrə 80-dən çox vakansiya təqdim edilib.
Yarmarkaya qatılan vətəndaşlara vakansiyalar və iş öhdəlikləri haqqında məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
İştirakçılara işğaldan azad olunmuş ərazilərimizdə icra edilən digər aktiv məşğulluq tədbirləri ilə bağlı məlumat verilib.