Milli Sosial Sığorta Kassası Moldovada sosial müdafiə sahəsində əsas dövlət qurumudur. Biz pensiyalar, müavinətlər və sosial müdafiə sahəsinə aid bütün xidmətlərin göstərilməsinə cavabdehik. Əlbəttə, DOST layihəsi də daxil olmaqla bütün uğurlu layihələri öyrənir və onların Moldovada tətbiqi imkanlarını dəyərləndiririk. Məqsədimiz bu xidmətləri yüksək səviyyədə həyata keçirmək və vətəndaşlarımıza daha keyfiyyətli xidmət göstərməkdir.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Moldovanın Sosial Sığorta üzrə Milli Kassasının direktoru Yelena Tibirna deyib.
"DOST modeli bizim üçün ən uyğun layihə hesab olunur. Çünki bu model bütün sosial xidmətləri vahid pəncərə prinsipi əsasında birləşdirir. Burada həm Əmək və Sosial Müdafiə Nazirliyinin tabeliyində olan qurumlar, həm də hökumətin digər sosial sahələr üzrə fəaliyyət göstərən strukturları vahid sistemdə əlaqələndirilir. Biz də bu modeli Milli Sosial Sığorta Kassasında tətbiq etməklə vətəndaşlarımıza daha əlçatan və səmərəli xidmət göstərməyi hədəfləyirik. Bu gün memorandumun imzalanması DOST ilə əməkdaşlığımızın rəsmi şəkildə növbəti mərhələyə keçməsi deməkdir. Bundan sonra da DOST komandası öz təcrübəsi, bilikləri və metodoloji dəstəyi ilə bizə yardım göstərəcək. Bu gün həmçinin DOST-un “Çağrı Mərkəzi”ndə olduq. Məqsədimiz “Çağrı Mərkəzi”mizin növbəti inkişaf mərhələsini həyata keçirməkdir. Qeyd etmək istəyirəm ki, Milli Sosial Sığorta Kassasında yaratdığımız çağrı mərkəzinin ilk mərhələsi də məhz DOST modelinə əsaslanaraq qurulub. Hazırda artıq ikinci mərhələnin tətbiqinə tam hazırıq. Bunun üçün yenidən DOST-dakı həmkarlarımızdan müvafiq sənədləri və metodiki materialları təqdim etmələrini xahiş etdik. Eyni zamanda, yeni yanaşmalar və diqqətdən kənarda qala biləcək məqamlarla bağlı da fikir mübadiləsi apardıq. Əminliklə deyə bilərəm ki, artıq növbəti mərhələnin həyata keçirilməsinə hazırıq. Bununla yanaşı, indiyədək bütün hesabatlılıq mexanizmlərini tətbiq etmişik və DOST İndeksi də Milli Sosial Sığorta Kassasında uğurla tətbiq olunub. Demək olar ki, qurumumuzdakı bütün proseslərin yarısı DOST-dakı həmkarlarımızın ekspertizasına əsaslanaraq yenidən nəzərdən keçirilib və təkmilləşdirilib", - deyə Yelena Tibirna diqqətə çatdırıb.