2025/2026-cı tədris ilində Azərbaycan Texniki Universitetinin (AzTU) SABAH qrupları üzrə ümumilikdə 219 tələbə (102 bakalavr, 117 magistr) təhsilini başa vuraraq məzun olub.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə AzTU-dan bildirilib.
Heydər Əliyev Sarayında keçirilmiş “SABAH-ın Məzunu 2026” tədbirində elm və təhsil naziri Emin Əmrullayev, dövlət və özəl qurumların rəsmiləri, deputatlar, ali təhsil müəssisələrinin rektorları, müəllim və tələbələr, habelə digər qonaqlar iştirak ediblər.
Elm və təhsil naziri Emin Əmrullayev çıxışında qeyd edib ki, SABAH layihəsi ali təhsil müəssisələrində akademik mühitin gücləndirilməsi, istedadlı gənclərin potensialının reallaşdırılması və rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması istiqamətində həyata keçirilən ən mühüm təşəbbüslərdən biridir.
Tədbirdə iştirak edən Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev ən yüksək göstəriciləri ilə fərqlənən AzTU-nun SABAH qruplarının məzunlarını təltif edib.