Qədim irsin gənc səsi...

9 İyul 2026 17:19 (UTC+04:00)

Azərbaycanın zəngin mədəni irsinin ayrılmaz hissəsi olan muğam əsrlər boyu xalqımızın mənəvi dünyasını, milli yaddaşını və bədii-estetik düşüncəsini yaşadaraq bu günə qədər gəlib çatıb. UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilən muğam sənəti bu gün də istedadlı gənc xanəndələrin fəaliyyəti sayəsində inkişaf edir, beynəlxalq səviyyədə təbliğ olunur. Bu sənətkarlar öz ifaları ilə həm qədim muğam ənənələrini yaşadır, həm də Azərbaycan musiqi mədəniyyətini dünyanın müxtəlif ölkələrində uğurla təmsil edirlər. Belə sənətçilərdən biri də Beynəlxalq Muğam Mərkəzinin solisti, xanəndə Kamilə Nəbiyevadır. O, bugünlərdə Özbəkistanın Namanqan şəhərində keçirilən III Beynəlxalq Maqom Festivalında Azərbaycanı təmsil edərək birinci yerə layiq görülüb.

SİA xəbər verir ki, AZƏRTAC-ın müxbiri ilə söhbətində Kamilə Nəbiyeva keçdiyi sənət yolundan, muğam sənətinə sonsuz sevgisindən, qazandığı uğurlardan və Özbəkistanda təşkil olunan festivaldan danışıb.

Onun sözlərinə görə, musiqiyə sevgisi uşaqlıq illərində yaranıb. Xanəndə olan atası Tahir Nəbiyevin sənət fəaliyyətini yaxından izləməsi onda muğam sənətinə dərin maraq və sevgi oyadıb. Altı yaşından etibarən Azərbaycan milli muğamının sirlərini öyrənməyə başlayan sənətçinin ilk müəllimi də atası olub. Daha sonra o, Bakı Humanitar Kollecində Xalq artisti Gülyaz Məmmədovanın sinfində təhsil alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində isə müəllimi Xalq artisti Gülyanaq Məmmədova olub.

Xanəndə qeyd edib ki, yaradıcılığında dönüş nöqtələrindən biri 2011-ci il “Muğam” televiziya müsabiqəsində qazandığı uğur olub. Müsabiqənin qaliblərindən biri olan sənətçi həmin layihənin onun peşəkar yaradıcılıq yolunda mühüm rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, bu müsabiqə ona həm geniş tamaşaçı auditoriyası qazandırıb, həm də tanınmış sənətkarlarla eyni səhnəni bölüşmək imkanı yaradıb.

Kamilə Nəbiyevanın sözlərinə görə, sonrakı illərdə Fransa, İtaliya, ABŞ, Norveç, Finlandiya, Mərakeş, İsrail, Avstraliya, London, Səudiyyə Ərəbistanı və digər ölkələrdə keçirilən festival və konsert proqramlarında iştirak edərək Azərbaycan muğamını beynəlxalq auditoriyaya təqdim edib. O bildirib ki, xarici ölkələrdə muğama böyük maraq göstərilir və dinləyicilər bu sənətin özünəməxsus ifa tərzini, zəngin melodik quruluşunu böyük rəğbətlə qarşılayırlar.

Beynəlxalq uğurlarından danışarkən xanəndə qeyd edib ki, Özbəkistanın Namanqan şəhərində keçirilən III Beynəlxalq Maqom Festivalında Azərbaycanı uğurla təmsil edib və birinci yerə layiq görülüb. O bildirib ki, Beynəlxalq Muğam Mərkəzinin solistlərindən ibarət "Simurq" Muğam Ansamblının heyətində Rəşad İbrahimov (tar), Elnur Mikayılov (kamança), Əməkdar artist Kamran Kərimov (nağara), Rafael Əsgərov (balaban) və Xəyyam Quliyev (ud) yer alıb. Onun sözlərinə görə, 28 ölkənin iştirak etdiyi nüfuzlu festivalda Azərbaycan iki nominayasıda qalib adını qazanıb. Onlardan biri də solo ifaçılıq nominasiyası üzrə kamança ifaçısı Nurəddin Tağıyevdir.

Kamilə Nəbiyeva bildirib ki, qazandığı uğurların arxasında ailəsinin dəstəyi, müəllimlərinin əməyi, həmkarlarının köməyi və dövlətin mədəniyyət sahəsinə göstərdiyi diqqət dayanır. O vurğulayıb ki, gələcəkdə də Azərbaycan milli muğamını dünyanın müxtəlif ölkələrində layiqincə təmsil edəcək, bu qədim musiqi sənətinin təbliği istiqamətində fəaliyyətini davam etdirəcək.