" Məhsulların üzərində qeyd olunan etiketlər hər zaman onların keyfiyyətini və ya tərkibini tam şəkildə əks etdirmir".
Bu fikirləri SİA-ya açıqlamasında ekoloq Cəmşid Quliyev bildirib.
Onun sözlərinə görə, bu, bir çox hallarda məhsulu istehsal edən şirkətin və ya onu sertifikatlaşdıran qurumun məsuliyyətindən və vicdanlı yanaşmasından asılıdır:
"Bəzən məhsulun faktiki xüsusiyyətləri ilə etiket üzərində yazılan məlumatlar arasında ciddi uyğunsuzluqlar müşahidə olunur. Üzvi və ya orqanik ifadələri yalnız ciddi sertifikatlaşdırma ilə təsdiqləndiyi halda elmi və hüquqi standartlara əsaslanır. Bu anlayışlar məhsulun istehsal prosesinin müəyyən beynəlxalq tələblərə uyğun həyata keçirildiyini göstərir.
"Bio" və "eko" ifadələrinin isə mənası ölkədən ölkəyə dəyişə bilər. Avropa ölkələrinin əksəriyyətində “bio” termini “üzvi” anlayışı ilə eyni hüquqi məna daşıyır və yalnız rəsmi sertifikata malik məhsullarda istifadə edilməsinə icazə verilir.
Lakin bəzi ölkələrdə və ya sertifikatsız məhsullarda bu söz istehlakçının diqqətini cəlb etmək məqsədilə marketinq vasitəsi kimi də istifadə oluna bilər.
"Üzvi" və ya "orqanik" ifadələri ən etibarlı anlayışlar hesab olunur. Əgər məhsulun üzərində Avropa İttifaqının yaşıl yarpaq loqosu və ya digər beynəlxalq səviyyədə tanınmış rəsmi sertifikat nişanları varsa, bu, məhsulun sintetik gübrələrdən, genetik modifikasiya olunmuş orqanizmlərdən (GMO) istifadə edilmədən istehsal olunduğunu, həmçinin heyvanların saxlanılması və istehsal prosesinin ciddi ekoloji və hüquqi standartlara uyğun yoxlanıldığını göstərir.
"Eko" ifadəsinə gəldikdə isə, bu termin əksər hallarda məhsulun özündən daha çox onun qablaşdırılmasının və ya istehsal prosesinin müəyyən ekoloji üstünlüklərə malik olduğunu vurğulamaq məqsədilə istifadə olunur. Buna görə də istehlakçılar yalnız etiketdə yazılan sözlərə deyil, məhsulun üzərindəki rəsmi sertifikat nişanlarına da diqqət yetirməlidirlər".
Lətifə Abdıyeva