Kibertəhlükəsizlik: müştərilərin şəxsi məlumatları karqo şirkətlərində nə dərəcədə qorunur? - AÇIQLANDI

9 İyul 2026 16:26 (UTC+04:00)

Bu gün karqo şirkətləri müştərilər haqqında kifayət qədər həssas məlumatları emal edirlər. Bura ad və soyad, mobil telefon nömrəsi, ünvan, elektron poçt, bəzi hallarda şəxsiyyət vəsiqəsi məlumatları, sifariş tarixçəsi və ödəniş məlumatları daxildir.

Bu sözləri SİA-ya texnoloq Elvin Həsənov deyib.

O bildirib ki, buna görə də bu məlumatların qorunması həm hüquqi, həm də texniki baxımdan böyük məsuliyyət tələb edir. Düşünürəm ki, etibarlı karqo şirkətlərində bu məlumatların qorunması üçün müxtəlif təhlükəsizlik mexanizmləri tətbiq olunur:

“Məlumatların şifrələnməsi, giriş səlahiyyətlərinin məhdudlaşdırılması, təhlükəsizlik monitorinqi və müntəzəm olaraq kibertəhlükəsizlik yoxlamaları artıq şirkətlər üçün standart yanaşma olmalıdır. Lakin etiraf etmək lazımdır ki, heç bir sistem yüz faiz toxunulmaz deyil. Dünyanın ən böyük logistika və texnologiya şirkətləri belə zaman-zaman kiberhücumlara məruz qalırlar. Ən böyük risk isə bəzən texniki sistemlərdən deyil insan faktorundan qaynaqlanır. Məsələn əməkdaşın məlumatı ehtiyatsız paylaşması, zəif paroldan istifadə etməsi və ya fişinq hücumuna aldanması nəticəsində məlumat sızması baş verə bilər.

Statistikalar da göstərir ki, insidenlər əsasən insan amili yaranır. Əlbətdəki bir başqa vacib məsələ müştərilərin öz davranışıdır. Təəssüf ki, bəzi insanlar karqo adı ilə göndərilən saxta sms-lərə və ya elektron məktublara inanaraq kart məlumatlarını və ya şəxsi məlumatlarını paylaşırlar.

Əslində məlumatların oğurlanması həmişə şirkətin sisteminə edilən hücum nəticəsində baş vermir. Çox vaxt kiberdələduzlar şirkətin adından istifadə edərək vətəndaşı aldadırlar. Əgər sizdən kart məlumatı, sms təsdiq kodu və ya əlavə ödəniş tələb olunursa, bunu birbaşa şirkətin rəsmi tətbiqi və ya müştəri xidmətləri vasitəsilə dəqiqləşdirmək lazımdır”.

Ayşən Vəli