"Hazırda Ermənistanda seçkilər keçirildikdən sonra yeni hökumətin və yeni kabinetin formalaşdırılması mərhələsidir. Ona görə də iki ölkə arasında münasibətlərdə əvvəlki qədər aktivlik müşahidə edilmir. Ancaq düşünürəm ki, bu, məsələnin yalnız zahiri tərəfidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğku deyib.
Onun sözlərinə görə, çünki seçkilərə qədər artıq Azərbaycan və Ermənistan arasında, xüsusilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyalar arasında görüləcək işlərlə bağlı təlimatlar hazırlanıb və həmin təlimatlara uyğun olaraq texniki işlər aparılır:
"İkincisi, sülhə gedən yolun daha da qısaldılması üçün Ermənistanın bir sıra məsələlərdə, o cümlədən Konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı referendum təşəbbüsləri ilə çıxış etməsi vacibdir. Hazırda bu istiqamətdə kifayət qədər həssas bir mərhələdən keçilir. Çünki Paşinyandan əvvəl bir qrup vətəndaşın müraciəti əsasında 300 min imza toplamaqla Konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı təşəbbüs irəli sürülüb və bu məsələ artıq gündəliyə daxil edilib.
Bu isə o deməkdir ki, əvvəllər Avrasiya İqtisadi İttifaqı ilə bağlı Ermənistanın üzərinə götürdüyü öhdəliklərin dəyişməz qalması və Avropa İttifaqına inteqrasiya istiqamətində hər hansı öhdəliyin götürülməsinin qarşısının alınması konstitusion norma kimi təsbit edilməyə çalışılır. Ancaq bizi maraqlandıran məsələ tamamilə fərqlidir. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır.
Düşünürəm ki, burada kifayət qədər mürəkkəb kombinasiyaya malik bir referendumu gözləyə bilərik. Bundan sonra formalaşacaq yeni komandanın atacağı addımları isə kabinet tam formalaşdıqdan sonra daha dəqiq proqnozlaşdırmaq mümkün olacaq".