Mərkəzi Gömrük Hospitalında “Reanimasiya və əməliyyatxanada manipulyasiyaların icra qaydaları” mövzusunda cümə seminarı keçiriləcək.
10 iyul 2026-cı il tarixində saat 15:00-dan 16:00-dək Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında həkim və rezidentlər üçün növbəti elmi-maarifləndirici seminar keçiriləcək.
Seminarda Mərkəzi Gömrük Hospitalının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin həkim-anestezioloq-reanimatoloqu Könül Həsənova “Reanimasiya və əməliyyatxanada manipulyasiyaların icra qaydaları” mövzusunda təqdimatla çıxış edəcək, daha sonra Mərkəzi Gömrük Hospitalının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin həkim-rezidenti Selcan Həsənova müvafiq mövzu ilə əlaqəli klinik hallar və beynəlxalq tədqiqatlar barədə məlumat verəcək.
Müasir klinik praktikada pasiyent təhlükəsizliyinin təmin olunması, reanimasiya və əməliyyatxana şəraitində manipulyasiyaların standartlara uyğun icrası, eləcə də klinik təcrübələrin paylaşılması məqsədilə təşkil olunan seminar iştirakçılar üçün nəzəri biliklərin artırılması və praktik bacarıqların təkmilləşdirilməsi baxımından əhəmiyyətli platforma olacaq. Tədbir çərçivəsində invaziv manipulyasiyaların icra prinsipləri, aseptika və antiseptika qaydaları, pasiyentin monitorinqi, mümkün ağırlaşmaların idarə olunması, həmçinin real klinik hal əsasında diaqnostik və müalicə yanaşmaları ətraflı müzakirə ediləcək. İştirakçılar məruzəçilərlə fikir mübadiləsi aparmaq və gündəlik klinik praktikada tətbiq olunan müasir yanaşmalarla yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Seminar bütün ixtisaslı həkimlər, rezidentlər və orta tibb işçiləri üçün nəzərdə tutulmuşdur. Seminarda iştirak ödənişsizdir və qeydiyyatdan keçmək mütləqdir!
Seminarda iştirak üçün (051) 232 66 64 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.