" Azərbaycanın BMT ilə əməkdaşlığı hər zaman dövlətimiz üçün xüsusi əhəmiyyət kəsb edib". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Araz Aslanlı bildirib.

Onin sözlərinə görə, ilk növbədə, BMT-yə üzvlük Azərbaycanın beynəlxalq sistemə inteqrasiyası, beynəlxalq münasibətlər sisteminin bərabərhüquqlu üzvünə çevrilməsi, müstəqilliyinin dünya dövlətləri tərəfindən tanınması və bu müstəqilliyin geri dönməzliyinin təmin edilməsi baxımından mühüm rol oynayıb:
"Eyni zamanda, Ermənistanın işğalçılıq siyasəti fonunda Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınması üçün də BMT mühüm platforma olub.
1990-cı illərin əvvəllərində vəziyyət indiki kimi deyildi. Həmin dövrdə keçmiş SSRİ-nin bərpası ilə bağlı müxtəlif ehtimallar səsləndirilir, yeni müstəqillik qazanmış dövlətlərin gələcəkdə müstəqil dövlət kimi mövcudluğunu qoruyub saxlaya bilməyəcəyi barədə suallar yaranırdı.
Belə bir şəraitdə Azərbaycanın BMT-yə üzv qəbul olunması ölkəmizin müstəqil dövlət kimi beynəlxalq səviyyədə tanınmasını rəsmiləşdirdi və Ermənistanın ərazi iddiaları ilə bağlı mübarizədə Azərbaycana mühüm beynəlxalq platforma qazandırdı.
Sonrakı mərhələdə də BMT Azərbaycan üçün faydalı əməkdaşlıq mühiti oldu. Ölkəmiz yalnız bu təşkilata üzv olmaqla kifayətlənmədi, həm də BMT vasitəsilə dünyanın müxtəlif dövlətləri ilə əlaqələrini genişləndirdi, təşkilatın müxtəlif qurumlarında fəal təmsil olundu və bir sıra hallarda lider dövlət mövqeyi nümayiş etdirərək beynəlxalq nüfuzunu daha da gücləndirdi.
Ermənistanın işğalçılıq siyasəti ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə icra olunmasa da, həmin sənədlər Azərbaycanın ərazi bütövlüyünü təsdiqləməsi, Ermənistanın işğalçı hərəkətlərini qeyd etməsi baxımından ölkəmiz üçün böyük siyasi və hüquqi əhəmiyyət daşıyırdı.
Bu qətnamələr Azərbaycanın haqlı mövqeyinin dünyanın ən nüfuzlu beynəlxalq təşkilatının qərarlarında da öz əksini tapdığını göstərirdi.
Bununla yanaşı, Azərbaycan BMT Baş Assambleyasında da ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanın işğalçılıq siyasətini pisləyən qərarın qəbul edilməsinə nail oldu.
Bu da Azərbaycanın diplomatik uğurlarından biri idi.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi isə ölkəmizin xarici siyasətinin mühüm nailiyyətlərindən hesab olunur. Gənc dövlət olmasına baxmayaraq, Azərbaycanın 157 dövlətin səsi ilə Təhlükəsizlik Şurasına üzv seçilməsi heç də asan başa gəlmədi.
Uzun sürən səsvermə prosesi zamanı müxtəlif dairələr Azərbaycanın bu quruma seçilməsinə mane olmağa çalışsalar da, uğurlu xarici siyasət strategiyası və onun ardıcıl icrası nəticəsində ölkəmiz bu mühüm nəticəni əldə etdi.
Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzvlüyü dövründə iki dəfə Şuraya sədrlik etdi. Sədrliyi müddətində ölkəmiz qlobal baxışa malik məsuliyyətli dövlət kimi çıxış edərək beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlıq məsələlərinin müzakirəsinə mühüm töhfələr verdi. Bu da Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və etibarlı tərəfdaş imicinin növbəti təsdiqi oldu".
Lətifə Abdıyeva