"Hazırlanan terminlər toplusu Azərbaycan dilində nəşr olunub və beynəlxalq terminologiya əsasında tərtib edilib".
SİA xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İctimai şuranın üzvü, "Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası" nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bildirib.
Onun sözlərinə görə, burada, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının istifadə etdiyi terminlər həm Azərbaycan, həm də ingilis dillərində təqdim olunub. Bu, olduqca faydalı praktiki vəsaitdir. Onun elektron versiyasının da hazırlanması nəzərdə tutulur və gələcəkdə üzərində təkmilləşdirmə işləri davam etdiriləcək.
Bu vəsait insan hüquqları sahəsində çalışan mütəxəssislər, vəkillər, hakimlər, dövlət orqanlarının hüquq şöbələrinin əməkdaşları və hüquq sahəsində fəaliyyət göstərən digər şəxslər üçün mühüm istinad mənbəyi olacaq. Layihənin hazırlanması zamanı biz də öz təkliflərimizi təqdim etdik və rəhbərlik bildirdi ki, həmin təkliflər gələcək nəşrlərdə nəzərə alınacaq. Çünki hüquq sahəsində istifadə olunan terminlərin sayı daha çoxdur. Hazırkı nəşrdə əsas terminlər seçilib və gələcəkdə lüğətin daha da genişləndirilməsi planlaşdırılır.
Mənim bildiyimə görə, bu, ölkəmizdə hüquq və məhkəmə terminlərini sistemli şəkildə izah edən ilk belə nəşrlərdən biridir. Azərbaycanda məhkəmə-hüquq sistemi uzun illərdir fəaliyyət göstərir, bu sahədə geniş qanunvericilik bazası formalaşıb. Lakin həmin qanunvericiliyin terminlərini izah edən belə bir lüğətlə indiyədək rastlaşmamışdım. Buna görə də bu təşəbbüsü yüksək qiymətləndirir, layihəni hazırlayanları və gələcək istifadəçiləri təbrik edirəm.
Lətifə Abdıyeva