“İnformasiya istehsalı və yayımı ilə bağlı yeni iqtisadi və hüquqi münasibətlər formalaşır“ - EKSPERT DANIŞDI

9 İyul 2026 14:56 (UTC+04:00)

“ Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın bazasında yeni Media və Yayım Şurasının yaradılması ilə bağlı gözlənilən qərar ilk növbədə zamanın tələblərindən irəli gələn, eyni zamanda dünyada və ölkəmizdə baş verən proseslərə uyğunlaşmağa xidmət edən mühüm strateji addım kimi qiymətləndirilməlidir”.

Bu sözləri SİA -ya açıqlamasında BDU jurnalistika fakültəsinin multimedia və elektron kommunikasiya kafedrasının müəllimi Nəmənd Rüstəmov bildirib.

Onun sözlərinə görə, bu təşəbbüsü zəruri edən bir neçə mühüm amil var:

”İlk növbədə, media sahəsində idarəetmənin vahid mərkəzdə cəmləşdirilməsi qanunvericiliyin tətbiqi, nəzarət və tənzimləmə mexanizmlərinin daha operativ, sistemli və koordinasiyalı şəkildə həyata keçirilməsinə imkan verəcək. Bu isə media siyasətinin daha çevik və səmərəli idarə olunmasına şərait yaradacaq.

Hazırda dünyada baş verən ictimai-siyasi proseslər göstərir ki, müxtəlif dövlətlər informasiya məkanında ciddi rəqabətlə üz-üzədir. Regiona və Azərbaycana qarşı müxtəlif istiqamətlərdən informasiya təsiri və dezinformasiya kampaniyaları davam edir. Belə şəraitdə dövlətin informasiya təhlükəsizliyinin gücləndirilməsi, milli media mühitinin daha effektiv idarə olunması və koordinasiyanın artırılması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, Medianın İnkişafı Agentliyi ilə Audiovizual Şuranın vahid platformada fəaliyyət göstərməsi daha optimal idarəetmə modeli kimi görünür.

Bu gün ənənəvi media ilə sosial media arasında rəqabət əvvəlki dövrlərlə müqayisədə xeyli sərtləşib. İnformasiya istehsalı və istehlakı tamamilə yeni mərhələyə qədəm qoyub. İnternet və rəqəmsal platformalar informasiya məkanında dominant mövqeyə yüksəlib. Belə bir şəraitdə yalnız klassik tənzimləmə mexanizmləri ilə kifayətlənmək mümkün deyil. Yeni reallıqlar daha çevik idarəetmə modelini və müasir yanaşmaları tələb edir.

Qloballaşma şəraitində internetin və sosial platformaların cəmiyyətin informasiya təminatındakı payı sürətlə artır. Bununla yanaşı, xarici informasiya təsirləri, manipulyasiya cəhdləri və yad ideoloji təsirlər də güclənir. Belə hallarda dövlətin milli informasiya məkanının qorunması istiqamətində institusional mexanizmləri təkmilləşdirməsi tamamilə təbii və zəruri yanaşmadır.

Şübhəsiz, bu məsələyə fərqli baxışlar da mövcuddur. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycan maliyyə və texnoloji baxımdan nəhəng qlobal media platformaları ilə eyni imkanlara malik deyil. Dünya informasiya məkanında fəaliyyət göstərən iri media korporasiyaları və rəqəmsal platformalar böyük iqtisadi resurslara və geniş təsir imkanlarına sahibdir. Belə bir şəraitdə milli medianın qorunması, onun rəqabət qabiliyyətinin artırılması və informasiya təhlükəsizliyinin təmin olunması dövlət siyasətinin mühüm istiqamətlərindən biri olmalıdır.

Bu gün sosial şəbəkələrin auditoriyası sürətlə artır. Televiziya və radio yayımçıları da öz auditoriyalarını qorumaq üçün rəqəmsal platformalarla inteqrasiyaya üstünlük verirlər. İnformasiyanın yayılması üsulları, texnoloji alətlər və media istehlakı modeli sürətlə dəyişir. Eyni zamanda informasiya istehsalı və yayımı ilə bağlı yeni iqtisadi və hüquqi münasibətlər formalaşır. Belə bir dövrdə media sektorunda daha çevik, müasir və effektiv idarəetmə mexanizmlərinin tətbiqi zərurətə çevrilir.

Hesab edirəm ki, Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın bazasında Media və Yayım Şurasının yaradılması media sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsinə, informasiya təhlükəsizliyinin daha etibarlı təmin olunmasına, tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsinə və müasir çağırışlara adekvat cavab verən idarəetmə modelinin formalaşdırılmasına mühüm töhfə verə bilər”