“Azərbaycan və İordaniya beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edir“ - DEPUTAT DANIŞDI

9 İyul 2026 14:44 (UTC+04:00)

“Azərbaycan ilə İordaniya arasında münasibətlər qarşılıqlı hörmət, dostluq və etimada əsaslanaraq uğurla inkişaf edir. İki ölkə arasında formalaşmış siyasi dialoq, yüksəksəviyyəli təmaslar və müxtəlif istiqamətlər üzrə əməkdaşlıq əlaqələrin davamlı şəkildə genişlənməsinə şərait yaradır. Son illər siyasi, iqtisadi, humanitar, mədəniyyət, turizm, təhsil və investisiya sahələrində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm addımlar atılıb”.

Bu sözləri SİA -ya açıqlamasında Millət Vəkili Ceyhun Məmmədov bildirib.
Onun sözlərinə görə, Azərbaycan və İordaniya arasında yüksək səviyyəli siyasi dialoq mövcuddur:

”Dövlət və hökumət rəhbərlərinin qarşılıqlı səfərləri, keçirilən görüşlər və aparılan müzakirələr ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır. Bir müddət əvvəl İordaniya Kralı II Abdullahın Azərbaycana səfəri əlaqələrin yeni mərhələyə qədəm qoymasının göstəricilərindən biri olub. Həmçinin İordaniyanın Baş nazirinin müavini, Miqrasiya məsələləri üzrə naziri və digər yüksək vəzifəli rəsmilərinin Azərbaycana səfərləri siyasi dialoqun intensiv xarakter aldığını və əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirildiyini nümayiş etdirir.

Qarşılıqlı səfərlər yalnız siyasi münasibətlərin möhkəmlənməsinə deyil, həm də iqtisadi əməkdaşlığın genişlənməsinə, investisiya imkanlarının artırılmasına və işgüzar dairələr arasında əlaqələrin inkişafına mühüm töhfə verir. İki ölkə arasında ticarət dövriyyəsinin artırılması, enerji, logistika, kənd təsərrüfatı, əczaçılıq, informasiya texnologiyaları və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi üçün geniş potensial mövcuddur.

Humanitar sahədə əməkdaşlıq da ikitərəfli münasibətlərin mühüm istiqamətlərindən biridir. Təhsil, elm, mədəniyyət və turizm sahələrində həyata keçirilən layihələr xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluğun daha da möhkəmlənməsinə xidmət edir. Xüsusilə turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, birbaşa müntəzəm aviareyslərin açılması istiqamətində aparılan müzakirələr qarşılıqlı turist axınının artmasına, işgüzar əlaqələrin genişlənməsinə və iqtisadi münasibətlərin daha da inkişafına təkan verə bilər.

Azərbaycan və İordaniya beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlıq edir, regional və qlobal məsələlər üzrə qarşılıqlı dəstək nümayiş etdirirlər. Bu isə iki ölkə arasında siyasi etimadın yüksək səviyyədə olduğunu göstərən mühüm amillərdən biridir.

Azərbaycan və İordaniyanı ortaq dəyərlər, qarşılıqlı hörmət, dostluq və etibarlı tərəfdaşlıq münasibətləri birləşdirir. Möhkəm siyasi iradəyə əsaslanan bu əməkdaşlıq gələcəkdə də yeni məzmun qazanacaq, iqtisadi və humanitar əlaqələrin daha da genişlənməsinə, qarşılıqlı faydalı layihələrin reallaşdırılmasına və hər iki ölkənin milli maraqlarına xidmət edən strateji tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verəcək”.