Allergik xəstəliklər ilin bütün fəsillərində müşahidə oluna bilər. Lakin bəzi allergik xəstəliklər mövsümi xarakter daşıyır və əsasən yaz, yay və payız aylarında kəskinləşir. Mövsümi allergiyanın səbəbi bitki tozcuqlarına qarşı yüksək həssaslıqdır. Tibdə həmin xəstəliyə pollinoz deyilir. Pollinoz, yəni “Pollen” latın sözüdür və “tozcuq” deməkdir.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bunu açıqlamasında Azərbaycan Tibb Universitetinin Allerqologiya və immunologiya kafedrasının müdiri, Əməkdar həkim, professor Lalə Allahverdiyeva deyib.
Professorun sözlərinə görə, xəstəliyin gedişində 3 kəskinləşmə dövrü var: ağacların çiçəklənməsi ilə bağlı yaz (fevral-mart-aprel-may), çəmən otlarının və taxıl bitkilərinin çiçəklənməsi ilə bağlı yay (may-iyun-iyul), alaq otları ilə əlaqədar olaraq payız dövrü (avqust-sentyabr-oktyabr). “Son illər ölkəmizdə müxtəlif ekzotik bitkilərin gətirilməsi ilə əlaqədar çiçəklənmə dövrü daha erkən başlayır. Buna görə də artıq fevral ayının 20-dən xəstələrin müraciətləri qeydə alınır. Azərbaycanda pollinozun inkişafı ağaclardan – palıd, fındıq ağacı, sərv ağacı, çinar, ağcaqayın, zeytun ağacı və s., çəmən otlarından - pişikquyruğu, tülküquyruğu, qaramuq və s., taxıllardan - yulaf, çovdar, arpa, buğda və s., alaq otlardan - yovşan, sirkan, günəbaxan, zəncirotu, ambroziya kimi bitkilərin tozcuqları ilə bağlıdır”, - deyə o bildirib.
Lalə Allahverdiyeva qeyd edib ki, pollinoz xəstəliyi zamanı ən tipik klinik təzahür rinokonyunktival sindromdur, yəni burunun və gözlərin eyni zamanda allergik zədələnməsi, tənəffüs sisteminin bronxial astma kimi zədələnməsi, həzm sistemində (ürəkbulanma, qusma, qarın ağrısı, ishal), dəridə müxtəlif səpgilər, dermatit əlamətləri, angionevrotik ödem və övrə və s., mərkəzi sinir sisteminin zədələnməsi və digər orqanlarda kəskin allergik reaksiyaların baş verməsidir: “Son illər allerqoloqlar pollinoz xəstəliyinin dəri formaları ilə daha tez-rez rastlaşırlar, yəni mövsümdə belə xəstələrin dərisində müxtəlif səpgilər, dermatit əlamətləri, övrə və kvinke ödemi müşahidə olunur. Onların çoxlarında rinokonyunktival və tənəffüs sistemi tərəfindən klinik əlamətlərin olmamasına baxmayaraq, dəri təzahürləri qeyd edilir. Xəstələr və bəzi həkimlər düşünmürlər ki, həmin əlamətlər bitkilərin çiçəklənməsi ilə əlaqədardır”.
Allergik xəstəliklərin kəskin respirator xəstəliklərlə oxşar simptomlara malik olduğunu qeyd edən mütəxəssis fikirlərinə belə davam edib: “Lakin onları bir-birindən fərqləndirən əlamətlər mövcuddur. Kəskin respirator xəstəliklər zamanı hərarət, sümük və əzələ ağrısı, udqunarkən boğaz ağrısı və qızartı, irinli burun ifrazatı, başağrısı və ümumi halsızlıq qeyd edilir. Allergik xəstəliklər isə adətən, intoksikasiya əlamətləri ilə müşahidə olunmur, yəni bu zaman hərarət səciyyəvi deyil. Əgər söhbət pollinoz xəstəliyindən gedirsə mövsümilik, periodik gedişat və səbəbkar allergenlə təmasın kəsilməsi zamanı xəstənin halı yaxşılaşmağa doğru gedir”.
Qeyd edək ki, 2005-ci ildən etibarən hər il iyulun 8-də Ümumdünya Allergiya ilə Mübarizə Günü qeyd olunur. Ümumdünya Allergiya Təşkilatının və Ümumdünya İmmunopatologiya Təşkilatının qərarı ilə qeyd edilən bu günün məqsədi allergiyanın əlamətləri, qarşısının alınması və müalicəsi barədə ictimaiyyəti məlumatlandırmaqdır.