“Burada 300 kvadratmetrdən artıq sahəni əhatə edən beş sərgi zalı fəaliyyət göstərəcək“ - TAMAM BAYATLI

8 İyul 2026 16:24 (UTC+04:00)

“Bu gün tərəfdaşlarımızla birlikdə Muzey Mərkəzində həyata keçirilən möhtəşəm layihənin açılışını edirik”.
SİA xəbər verir ki, bu sözləri Muzey Mərkəzində yenilənmiş sərgi zallarının rəsmi açılışı və “Azərbaycan təsviri sənətinin inciləri: Qızıl kolleksiya” sərgisində BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə şirkətxarici kommunikasiyalar və mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib.
Onun sözlərinə görə, böyük qürur hissi keçiririk ki, mədəniyyət ocağımızda, bu dəyərli sənət məkanında dəstəyimizlə geniş ekspozisiya sahəsi əsaslı şəkildə təmir olunub, yenidən qurulub və müasir avadanlıqlarla təchiz edilib. İşıqlandırma və görüntü sistemləri tamamilə yenilənərək beynəlxalq muzey standartlarına uyğunlaşdırılıb.

Burada 300 kvadratmetrdən artıq sahəni əhatə edən beş sərgi zalı fəaliyyət göstərəcək. Bu zallarda Azərbaycan rəssamlığının şah əsərləri, o cümlədən görkəmli sənətkarlarımız Səttar Bəhlulzadə, Tahir Salahov, Mikayıl Abdullayev, Ömər Eldarov və digər tanınmış müəlliflərin əsərləri daimi ekspozisiyada nümayiş olunacaq. Ziyarətçilər bu əsərlərlə yaxından tanış olmaq və onların bədii-estetik dəyərini hiss etmək imkanı qazanacaqlar.

Tam əminliklə deyə bilərik ki, bu beş sərgi zalı beynəlxalq muzey standartlarına cavab verir. Dünyanın aparıcı muzeylərində rast gəlinən müasir ekspozisiya məkanları ilə müqayisə oluna biləcək bu zalların yaradılması bizim üçün böyük qürur mənbəyidir. Sevinirik ki, bu layihə ilə Muzey Mərkəzinə dəyərli töhfə vermişik.