“Azərbaycan-Ermənistan münasibətləri yeni mərhələyə qədəm qoyur” - ŞƏRH

8 İyul 2026 16:09 (UTC+04:00)

“Cənubi Qafqaz regionu tarixinin ən mühüm geosiyasi transformasiya mərhələsini yaşayır. Azərbaycanın öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam təmin etməsi regionda uzun illər mövcud olmuş münaqişə modelini aradan qaldırmaqla yanaşı, yeni təhlükəsizlik mühitinin formalaşmasına da əsaslı təsir göstərib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.

Onun sözlərinə görə, hazırda regional gündəliyin əsas prioriteti post-münaqişə dövrünün hüquqi, siyasi və institusional əsaslarının yaradılmasıdır:

“Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Azərbaycan-Ermənistan münasibətlərinin mövcud vəziyyəti yalnız ikitərəfli əlaqələr kontekstində deyil, bütövlükdə Avrasiya geosiyasətinin mühüm elementlərindən biri kimi qiymətləndirilməlidir. Mövcud reallıqlar onu deməyə əsas verir ki, Azərbaycan-Ermənistan münasibətləri yeni mərhələyə qədəm qoysa da, normallaşma prosesi hələ tamamlanmayıb. Müharibənin başa çatması sülhün əldə olunması demək deyil. Davamlı sülh yalnız dövlətlərin siyasi iradəsinin hüquqi mexanizmlərlə möhkəmləndirilməsi, qarşılıqlı etimadın formalaşdırılması və gələcək münaqişələr üçün zəmin yarada biləcək bütün amillərin aradan qaldırılması nəticəsində mümkün ola bilər. Məhz ona görə də hazırkı mərhələni “sülhə keçid dövrü” kimi xarakterizə edə bilərik. Azərbaycanın mövqeyi bu prosesdə dəyişməz və prinsipial olaraq qalır. Beləliklə də, Azərbaycan regionda təhlükəsizlik sisteminin yalnız beynəlxalq hüququn fundamental prinsipləri olan dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı əsasında formalaşa biləcəyini ardıcıl şəkildə bəyan edir. Azərbaycanın təşəbbüsü ilə irəli sürülən sülh gündəliyi də məhz bu prinsiplərə əsaslanır. Bu yanaşma hər hansı siyasi üstünlük əldə etmək məqsədi daşımır, əksinə gələcəkdə yeni qarşıdurma risklərini minimuma endirəcək dayanıqlı hüquqi baza yaratmağa xidmət edir. Hazırkı mərhələdə diqqət çəkən əsas məqamlardan biri ondan ibarətdir ki, siyasi dialoq müəyyən dinamika qazansa da, etimad mühitinin tam formalaşmasına mane olan amillər hələ də qalmaqdadır. Ermənistan daxilində revanşist ideyaların müxtəlif siyasi və ictimai platformalarda yaşadılması, keçmiş münaqişə ilə bağlı narrativlərin yeni formada təqdim olunması və radikal yanaşmaların tam aradan qaldırılmaması sülh prosesinin dayanıqlılığı baxımından ciddi çağırış olaraq qalır. Bu cür meyillər yalnız ikitərəfli münasibətlərə deyil, bütövlükdə regional təhlükəsizlik sisteminə mənfi təsir göstərmək potensialına malikdir. Beynəlxalq münasibətlər nəzəriyyəsi də təsdiq edir ki, postmünaqişə dövründə ən mürəkkəb mərhələ hərbi əməliyyatların dayandırılması deyil, düşmən obrazının cəmiyyətlərin kollektiv şüurundan tədricən çıxarılmasıdır. Ona görə də, dayanıqlı sülhün təmin edilməsi yalnız diplomatik danışıqların deyil, həm də cəmiyyətlərarası transformasiya prosesinin uğurundan asılıdır. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Azərbaycanın sülh müqaviləsi ilə bağlı irəli sürdüyü hüquqi yanaşmalar xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycanın vurğuladığı kimi gələcək münasibətlər hüquqi ziddiyyətlərdən tam azad edilməli, dövlətlər arasında qarşılıqlı ərazi iddialarına əsas yarada biləcək bütün hüquqi və siyasi elementlər aradan qaldırılmalıdır. Bu hər hansı əlavə siyasi tələb deyil, beynəlxalq təcrübədə post-münaqişə nizamlanmasının əsas şərtlərindən biri hesab olunur. Tarix göstərir ki, hüquqi ziddiyyətlər aradan qaldırılmadan əldə olunan siyasi razılaşmalar uzunmüddətli sabitlik yaratmaqda çətinlik çəkir. Münasibətlərin gələcəyini müəyyənləşdirəcək digər mühüm istiqamət isə regional iqtisadi əməkdaşlıqdır. Müasir beynəlxalq münasibətlər sistemində iqtisadi qarşılıqlı asılılıq təhlükəsizliyin mühüm komponentlərindən biri hesab olunur. Azərbaycanın həyata keçirdiyi enerji və logistika layihələri, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Cənubi Qafqazı Avrasiyanın strateji tranzit məkanına çevirib. Ermənistanın bu əməkdaşlıq mühitinə konstruktiv şəkildə inteqrasiyası yalnız onun iqtisadi maraqlarına deyil, həm də regionda qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edə bilər. Əks halda, geosiyasi təcrid meyilləri davam edəcək və regional inkişaf imkanları məhdudlaşacaq. Digər mühüm məqam isə ondan ibarətdir ki, Cənubi Qafqaz artıq qlobal güclərin geosiyasi rəqabət meydanına çevrilməkdən daha çox, onların maraqlarının uzlaşdırıldığı əməkdaşlıq platformasına çevrilməlidir. Xarici aktorların regiona münasibəti geosiyasi təsir uğrunda mübarizə üzərində deyil, regional sabitliyin möhkəmləndirilməsi və beynəlxalq hüququn dəstəklənməsi prinsipləri üzərində qurulmalıdır. Əks təqdirdə kənar müdaxilələr sülh prosesini sürətləndirmək əvəzinə onu daha mürəkkəb və həssas vəziyyətə gətirə bilər. Bütün bunlar bir daha göstərir ki, hazırkı mərhələdə Azərbaycan-Ermənistan münasibətlərinin taleyini müəyyən edən əsas amil Ermənistan tərəfindən siyasi iradənin ardıcıl və səmimi şəkildə həyata keçirilməsidir. Sülh yalnız imzalanacaq sənədlərin sayı ilə deyil, qəbul edilən qərarların praktiki icrası, hüquqi bazanın uyğunlaşdırılması, revanşist meyillərin aradan qaldırılması və regional əməkdaşlığın genişləndirilməsi ilə ölçüləcək. Nəticə etibarilə, Azərbaycan bugün Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşmasını təşviq edən əsas aktorlardan biri kimi çıxış edir. Milli maraqlara əsaslanan, beynəlxalq hüququn norma və prinsiplərinə söykənən xarici siyasət kursu Azərbaycanın regionda uzunmüddətli sabitliyin və əməkdaşlığın təmin olunmasına yönəlmiş strateji baxışını əks etdirir”.