Yay mövsümündə şəkərli diabeti olan insanlar üçün əsas məqsəd qan şəkərinin stabilliyini qorumaq və susuzlaşmanın qarşısını almaqdır.
Bu sözləri SİA-ya endokrinoloq Turan Bağırova deyib.

O bildirib ki, ilk növbədə, isti havalarda orqanizm daha çox maye itirir. Susuzlaşma qan şəkərinin yüksəlməsinə səbəb ola və ümumi vəziyyəti pisləşdirə bilər. Buna görə gün ərzində kifayət qədər su qəbul etmək vacibdir:
“İkinci vacib məqam qan şəkərinin daha tez-tez izlənməsidir. İsti hava, uzun müddət günəş altında qalmaq və üzgüçülük kimi fiziki aktivlik bəzi insanlarda qlükoza səviyyəsinin dəyişməsinə səbəb ola bilər. Xüsusilə insulin və ya hipoqlikemiya riski yaradan dərmanlar qəbul edən şəxslər buna diqqət etməlidirlər.
Çimərlikdə uzun müddət ac qalmaq və ya əksinə, şəkərli içkilər, dondurma və yüksək karbohidratlı qəlyanaltıları nəzarətsiz qəbul etmək qan şəkərinin kəskin dəyişməsinə səbəb ola bilər. Buna görə əvvəlcədən sağlam ara yeməyi planlaşdırmaq daha düzgün yanaşmadır.
Diabeti olan insanlar ayaq baxımına da xüsusi diqqət yetirməlidirlər. Çimərlikdə ayaqyalın gəzmək kiçik travmaların yaranmasına səbəb ola bilər. Diabetik neyropatiyası olan insanlar bu zədələri hiss etməyə bilər və bu da infeksiya riskini artırır. Buna görə qoruyucu ayaqqabıdan istifadə tövsiyə olunur.
İnsulin istifadə edən xəstələr üçün preparatların saxlanması da vacibdir. İnsulin yüksək temperaturun təsirindən effektivliyini itirə bilər. Buna görə onu birbaşa günəş şüalarından qorumaq və istehsalçının tövsiyələrinə uyğun temperaturda saxlamaq lazımdır.
Ümumilikdə, şəkərli diabet çimərlikdən və yay istirahətindən imtina etmək üçün səbəb deyil. Sadəcə, əvvəlcədən planlaşdırma, müntəzəm nəzarət və sadə ehtiyat tədbirləri ilə yay mövsümünü təhlükəsiz keçirmək mümkündür.
Diabeti idarə etmək yalnız dərman qəbul etmək deyil. Gündəlik vəziyyətə uyğun düzgün qərarlar vermək də müalicənin vacib hissəsidir”.
Ayşən Vəli