Azərbaycan və Türkmənistan iqtisadi əməkdaşlığa dair protokol imzalayıb

8 İyul 2026 15:25 (UTC+04:00)

Azərbaycan və Türkmənistan arasında iqtisadi-ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, su infrastrukturu və digər prioritet istiqamətlər üzrə tərəfdaşlığın gücləndirilməsini nəzərdə tutan protokol imzalanıb.

SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

O bildirib ki, Türkmənistana işgüzar səfəri çərçivəsində bu ölkənin Nazirlər Kabineti sədrinin müavini, Azərbyacan və Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın həmsədri Nökərqulı Ataqulıyevlə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak edib.

"Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, ixrac marşrutlarının şaxələndirilməsi məqsədilə ikitərəfli Biznes Şurasının yaradılması təşəbbüsünü vurğuladıq. İclasın yekununda iqtisadi-ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, su infrastrukturu və digər prioritet istiqamətlər üzrə tərəfdaşlığın gücləndirilməsini nəzərdə tutan protokol imzaladıq",- deyə nazir qeyd edib.