Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın illik sessiyasında iştirak edib

8 İyul 2026 14:43 (UTC+04:00)

Milli Məclisin deputatları - ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov, nümayəndə heyətinin üzvləri Sevinc Fətəliyeva, Azay Quliyev və Tural Gəncəliyev Assambleyanın 4-8 iyul 2026-cı il tarixlərində Niderlandın Haaqa şəhərində keçirilən 33-cü illik sessiyasında iştirak ediblər. Nümayəndə heyətini Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli və Niderland Krallığındakı səfir Məmməd Əhmədzadə müşayiət ediblər.

SİA xəbər verir ki, “Beynəlxalq hüquq və ortaq prinsiplər: ATƏT məkanında təhlükəsizlik və əməkdaşlığın əsasları” devizi altında keçirilən builki sessiyada beynəlxalq hüququn aliliyinin qorunması, beynəlxalq və regional təhlükəsizliyə təhdidlər, habelə hazırkı geosiyasi vəziyyətdə beynəlxalq əməkdaşlığın həyata keçirilməsi yolları ətrafında müzakirələr aparılıb və müvafiq yekun sənədlər qəbul edilib.

Azərbaycan nümayəndə heyəti Avropa qitəsində və bütövlükdə sülh və əməkdaşlığın bərqərar olunması mövzularına dair müzakirələrdə fəal iştirak edib, beynəlxalq hüququn aliliyinin təmin edilməsi, nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi, enerji təhlükəsizliyi, rəqəmsal idarəetmə, süni intellektdən istifadə və digər sahələrdə Azərbaycanın yanaşması və qabaqcıl təcrübəsi, eləcə də Azərbaycanda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF) nəticələri barədə məlumat verilib.

Sessiya zamanı Azərbaycan tərəfinin təşəbbüsü ilə Türk Parlament Assambleyasının (TÜRKPA) üzvü olan parlamentlərin nümayəndə heyətlərinin birgə görüşü keçirilib. Görüş zamanı TÜRKPA çərçivəsində qəbul olunmuş qərarlara uyğun olaraq, ortaq maraq kəsb edən məsələlər üzrə ATƏT PA çərçivəsində əlaqələndirmə barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyəti səfər zamanı Niderland parlamentinin rəhbərliyi və bir qrup üzvü ilə ikitərəfli görüşlər keçirib.