Aqrotexnologiya kənd təsərrüfatında məhsuldarlığın artırılması, xərclərin azaldılması və işlərin daha səmərəli aparılması üçün müasir texnologiyaların tətbiqidir. Bu sahədə pilotsuz uçuş aparatları (PUA-lar və ya dronlar) və süni intellekt mühüm rol oynayır.
Bu sözləri SİA-ya Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

O bildirib ki, dronlar əkin sahələrini havadan müşahidə edir, bitkilərin vəziyyətini qiymətləndirir, xəstəlik və zərərvericiləri erkən aşkar edir:
“Onlar gübrə və pestisidlərin dəqiq şəkildə səpilməsinə kömək edir, nəticədə həm vaxta, həm də resurslara qənaət olunur.
Süni intellekt isə toplanmış məlumatları analiz edərək fermerlərə düzgün qərarlar verməyə kömək edir. O, hava şəraitini, torpağın vəziyyətini və bitkilərin inkişafını təhlil edərək suvarma, gübrələmə və məhsul yığımının ən uyğun vaxtını müəyyənləşdirə bilir.
Bu texnologiyalar sayəsində məhsuldarlıq artır, israf azalır, ətraf mühitə mənfi təsir minimuma enir və fermerlərin işi daha asan və səmərəli olur. Buna görə də aqrotexnologiya müasir kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət daşıyır”.
Ayşən Vəli