"Ailə institutunun qorunması cəmiyyətin gələcəyi üçün strateji əhəmiyyət daşıyır"

8 İyul 2026 13:46 (UTC+04:00)

"Son illər bütün dünyada olduğu kimi, Azərbaycanda da ailə modelində müəyyən dəyişikliklər müşahidə olunur".

Bu fikirləri SİA-ya açıqlamasında İctimai və mədəniyyət xadimi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib.

Onun sözlərinə görə, ailə dəyərlərinin zəifləməsi ilə bağlı sosioloqlar, kulturoloqlar və digər mütəxəssislər uzun müddətdir müzakirələr aparırlar:

"Dövlət qurumları, ictimai təşkilatlar və müxtəlif araşdırma mərkəzləri də bu məsələnin cəmiyyət üçün mühüm əhəmiyyət daşıdığını vurğulayırlar. Artıq bir tərəfdən evlənməyə marağın azalması, digər tərəfdən isə boşanmaların artması ailə institutunun gələcəyi ilə bağlı narahatlıqları gücləndirir.

Azərbaycanda uzun illər ailə dəyərləri kifayət qədər möhkəm olub. Bunun formalaşmasında milli-mənəvi ənənələr, kənd həyatının üstünlük təşkil etməsi, qohumluq münasibətlərinin güclü olması kimi amillər mühüm rol oynayıb. Lakin müstəqillik dövründən sonra urbanizasiya, sosial münasibətlərin dəyişməsi və qloballaşmanın təsiri ailə modelinə də təsirsiz ötüşməyib. Rəsmi nikahların sayında azalma müşahidə olunur, bəzi hallarda vətəndaş və dini nikahlara üstünlük verilir. Eyni zamanda, ailə quran cütlüklər arasında övlad sahibi olmaq, iqtisadi çətinliklər və digər sosial problemlərlə bağlı çətinliklər də artır.

Boşanmaların artmasının səbəbləri yalnız bir amillə izah oluna bilməz. Burada iqtisadi, sosial, psixoloji, mənəvi və tibbi faktorlar, həmçinin qlobal tendensiyalar mühüm rol oynayır. Xüsusilə gənclər arasında şəxsi azadlığa üstünlük verilməsi, ailə məsuliyyətindən çəkinmə, qarşılıqlı anlaşmanın zəifləməsi, stres və gündəlik həyatın yaratdığı psixoloji gərginlik ailə münasibətlərinə təsir göstərən əsas səbəblərdəndir.

Məişət problemləri də bu prosesdə mühüm yer tutur. İşsizlik, mənzil probleminin həll olunmaması, həyat bahalılığı, uşaqların saxlanılması ilə bağlı artan xərclər və ümumi iqtisadi çətinliklər bir çox gəncin ailə qurmaq qərarını təxirə salmasına səbəb olur. Dünyada davam edən müharibələrin yaratdığı iqtisadi qeyri-sabitlik, ərzaq, dərman və digər zəruri məhsulların bahalaşması da ailələrin maddi yükünü artırır.

Digər mühüm məsələ isə boşanmaların çox zaman ağır münaqişələrlə müşayiət olunmasıdır. Aliment mübahisələri, qarşılıqlı ittihamlar və məhkəmə çəkişmələri gənclərdə evliliyə qarşı qorxu və tərəddüd yaradır. Nəticədə ailə qurmaq əvəzinə tək yaşamağa üstünlük verənlərin sayı artır.

Bu tendensiyanın qarşısını tam şəkildə almaq mümkün olmasa da, onun mənfi təsirlərini azaltmaq olar. Dövlət tərəfindən gənc ailələrin dəstəklənməsi, əlçatan mənzil proqramlarının genişləndirilməsi, ailə məsləhət və psixoloji dəstək mərkəzlərinin fəaliyyətinin gücləndirilməsi, həmçinin ailə dəyərlərinin təbliği mühüm əhəmiyyət kəsb edir. Ailə münasibətlərində qarşılıqlı hörmət, güzəşt və məsuliyyət hissinin gücləndirilməsi də sağlam ailələrin formalaşmasına töhfə verə bilər.

Bu gün ailə modeli bütün dünyada dəyişir və Azərbaycan da bu prosesdən kənarda deyil. Cəmiyyətdə müxtəlif ailə modelləri meydana çıxsa da, milli-mənəvi dəyərlərə söykənən, sağlam münasibətlər üzərində qurulan ailələrin qorunması və inkişaf etdirilməsi gələcək nəsillər və cəmiyyətin sabitliyi baxımından xüsusi əhəmiyyət daşıyır".

Lətifə Abdıyeva